Dərc edilib: 15-03-2024

https://www.nuh.az/36734-.html

Sahibkarlarla Fərəcov arasında borc qalmaqalı - Bizi aldadır, pulumuzu vermir

15.03.2024 20:47:38

LIVE

Sumqayıt İcra Hakimiyyəti ilə bir qrup sahibkar arasında yaşanan borc qalmaqalı davam edir. Belə ki, 2016-cı ildən etibarən şəhərdə abadlaşdırma işləri aparmış iş adamları gördükləri işin müqabilində pullarını ala bilmirlər.

Bu gün bir qrup sahibkar ilgili dövlət qurumlarına, o cümlədən Ali Məhkəmənin sədri İnam Kərimov və Sumqayıt Ağır Cinayətlərə Dair Məhkəməsinin sədrinə müraciət ediblər. JAMAZ.İNFO xəbər verir ki, onlar pullarının ödənilməsini tələb etməklə yanaşı, həm də bu işdə əli olan şəxslərin məsuliyyətə cəlb edilməsini istəyirlər.

Həmin müraciətdə deyilir ki, hələ ötən ilin fevralında Sumqayıt İcra Hakimiyyəti ilə “borcun ödənilıməsinə dair məktub” imzalayıblar. Fevralın 22-də imzalanan sənədə əsasən İcra Hakimiyyəti öhdəlik götürüb ki, sahibkarlara olan 2.9 milyon manat borcun böyük hissəsini bir dəfəyə, digər qisminin isə hissə-hissə ödənilməsini üzərinə götürür. Həmin sənəddə o da vurğulanır ki, pul guya, ödənilib və sahibkarlar da bununla bağlı “zəmanət məktubu” veriblər. Lakin bunun ardında Sumqayıtın icra başçısı Zakir Fərəcov sözünün üzərində durmayıb. O, səhəri günü “sağ əli” olan şöbə müdiri Gündüz Əliyev və mediada işlərini görən, hazırda həbsdə olan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev vasitəsi ilə müəyyən məbləğ pul göndərib. Ardından isə yuxarı instansiyalara sahibkarlarla imzaladığı sənədi göndərərək, borcu ödədiyini göstərməyə çalışıb. Amma fevralın 23-də məlum olub ki, sahibkarlar 22 fevral 2023-cü ildə imzaladıqları sənədi notarius vasitəsi ilə ləğv ediblər.

Sahibkarlar deyirlər ki, əgər həqiqətən onlara çatacaq pul ödənilibsə, Sumqayıt İcra Hakimiyyəti bununla bağlı dəlil ortaya qoysun. “Birincisi, məbləğ kifayət qədər böyükdür. Əgər bizə pul döənilibsə, bununla bağlı sübut ortaya qoysunlar. Həmin pulu nə vaxt, hansı hesaba köçürdüklərini açıqlasınlar. Amma açıqlaya bilməzlər. Çünki pul ödənilməyib”.

İş adamları rəsmi qurumlardan xahiş edirlər ki, Sumqayıt İcra Hakimiyyətinin onlara olan borclarının ödənilməsinə yardımçı olsunlar.

Qeyd edək ki, Gündüz Əliyev hazırda ağır cinayətdə ittiham olunur. O, Sumqayıt Təhsil və Səhiyyə idarələrində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yoxlaması nəticəsində milyonluq yeyinti faktına görə, ittiham olunur. Barəsində cinayət işi açılıb və hazırda iş Sumqayıt Ağır Cinayətlərə Dair Məhkəməsində baxış mərhələsindədir. Sahibkarlar deyirlər ki, ağır cinayətdə ittiham olunan şöbə müdiri buna baxmayaraq, heç kimi saymır. “O, nəinki heç kimi saymır. Həm də bizi hədələyir. Ona belə bir səlahiyyət kim tərəfindən verilib? Güman ki, Zakir Fərəcov bu məsələdə onun arxasında dayanır. Ona görə də, Ali Məhkəmənin sədri İnam Kərimovdan xahiş edirik ki, bu məsələni nəzarətinə götürüb, Gündüz Əliyevin haqqında ədalətli qərarın çıxarılmasına yardımçı olsun”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib