Dərc edilib: 24-03-2024

https://www.nuh.az/36927-.html

Salam verməyin nə əhəmiyyəti var?

24.03.2024 20:33:27

LIVE

Bəri başdan deyək ki, salam Allahın adıdır və əmin-amanlıq, sülh, salamatlıq kimi mənalara gəlir. Salam vermək əslində dua etməkdir: Allah səni əmin-amanlıq içində saxlasın, xətadan, bəladan qorusun, şərdən, pis əməldən uzaq tutsun. Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, salam verib salam almaq insanlar arasında sevgini, səmimiyyəti artırır. Ona görə də, təkcə salam verib salam almaq yox, salam verib salam almağı təbliğ etmək lazımdır.
Salam verməyin ən qısa şəkli belədir: “əs-Salamu-Aleykum”, yəni sizə salam olsun. Salam almağın ən qısa şəkli isə belədir: “və Aleykum Salam”, yəni sizə də salam olsun. “əs-Salamu-Aleykum” deyənə eyni cavabı qaytarmaqdansa, “və Aleykum Salam” demək daha doğrudur.
Bəzən birisi “əs-Salamu-Aleykum və Rəhmətullah” deyir. Yəni Allahın salamı və mərhəməti sizin üzərinizə olsun. Peyğəmbərimiz buyurur ki, salama ya eyni dərəcədə, ya da daha çox söz və ya daha çox dua ilə cavab vermək lazımdır, yəni bu cür salam verən birisinə ya “və Aleykum Salam və Rəhmətullah” kimi, ya da “və Aleykum Salam və Rəhmətullah və Bərəkətihu” kimi cavab verilməlidir.
Yuxarıda ifadə etdiyimiz kimi, salam vermək Peyğəmbərimizin bizə buyruğudur. Əgər ciddi bir səbəb varsa, onda salam verməmək günah deyil, əgər ciddi bir səbəb yoxsa, onda salamı almamaq günahdır. Çünki salamı almamaq həm salamı verənə, həm də salamın Sahibinə, yəni Allaha qarşı hörmətsizlikdir. Əgər birisi otağa daxil olub oradakı hər kəsə “əs-Salamu Aleykum” deyərsə, içəridəkilərdən bir nəfərin o salamı alması kifayətdir. Təbii ki, əgər istəsə, hər kəs cavab verə bilər.
Ədəbə görə, müsəlmanlar görüşəndə də, ayrılanda da salamlaşmalıdırlar. Görüşərkən salamdan əvvəl heç bir şey deyilməməlidir. Əvvəlcə salam verilib-alınmalı, sonra məsələyə keçilməlidir. Görüşüb salamlaşarkən əl sıxmaq da Peyğəmbərimizin buyurduğu xoş əməllərdəndir.
Yuxarıda dediyimiz kimi, salam verib, salam almaq Peyğəmbərimizin buyruğudur. Yəni, salamda hər şey gözəldir.
Salamlaşmaq sevgidir, salamlaşmaq səmimiyyətdir, salamlaşmaq xeyirxahlıqdır. Salamlaşmaq xeyir-dua etməkdir, salamlaşmaq əmin-amanlıq arzulamaqdır, salamlaşmaq xeyir-bərəkət diləməkdir.
Bir yerdə rastlaşarkən adətən kiçiyin böyüyə salam verməsini gözləyirik. Əslində isə kiçiyin birinci salam verməsi ədəb, böyüyün birinci salam verməsi isə təvazökarlıqdır. Kim birinci salam versə, o, daha çox qazanar.
İslam əxlaqında dillə salam vermək mümkün olduğu halda, əllə, başqa sözlə, əl işarəsi ilə salam vermək doğru hesab olunmur. Ancaq salam verdiyin adam səndən uzaqdadırsa və verdiyin salamı eşitməyəcəyindən əminsənsə, dillə salam verməklə yanaşı əllə, başqa sözlə, əl işarəsi ilə də salam vermək olar.
Salam verin, salam alın, salamı həyatınızın ayrılmaz parçasına çevirin ki, elə bu duada buyrulduğu kimi onun əmin-amanlığını, mərhəmətini, xeyir-bərəkətini görün...

Murad Məmmədov

NUH informasiya agentliyi səhifəsindən çap edilib