BMU-ya yeni prorektor təyin olunub
Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev yeni prorektoru kollektivə təqdim edib.
Rektor BMU-nun beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrinin səmərəli şəkildə təşkili və genişləndirilməsi ilə bağlı vacib məqamlara toxunub, qoyulan hədəflərin həyata keçirilməsi ilə əlaqədar yeni prorektorun üzərinə düşən vəzifələri vurğulayıb.
Öz növbəsində Ətrabə Gül ona göstərilən yüksək etimadı doğruldacağını, universitetin beynəlxalq sahədə inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb. Universitet Qadınlar Şurasının sədridir.
Elm və təhsilin inkişafındakı səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.
Ailəlidir, iki övladı var.