Dərc edilib: 10-04-2024

https://www.nuh.az/37044-.html

Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır

10.04.2024 22:53:59

Mədəniyyət

 

Vaqif Səmədoğlu niyə hirslənmişdi?
Şairdən kim və nəyə görə şikayət etmişdi?

Aradan illər keçsə də dostum Arazın söylədiyi maraqlı bir əhvalat indiyəcən yadımdan çıxmayıb. Əslində dostumun əsl adı sənəddə ayrı cürdür, mən ona daim “Araz” deyə müraciət etdiyimə görə, indi də elə o cür yazıram. Əslində bu sayaq müraciət etməyimin səbəbkarı da o özü idi...
Yadımdadır, isti avqust Günəşi adamları karıxdırmışdı. Biz isə Tehranda, bu qaynar-boğucu havada dar küçələrlə, necə deyərlər, səllimi gəzişirdik. Mən istini və Günəşi çox sevirəm. Nisbətən geniş küçələrdən birinə təzəcə qədəm qoymuşduq ki, dostum əlini irəli uzadıb soruşdu:
-Görürsən o binanı?
-Görürəm,-dedim.
Ö gülümsəyib dedi:
-Bananın qarşısına vurulmuş lövhədə yazılanları oxuya bilərsən?
Çiynimi çəkib dedim:
-Yox... Amma hərflər tanış gəlir.- Və gülüb əlavə etdim: -Həbəş dilində yazılıb deyəsən...
Araz dedi:
-Hə, təxminən elə bir şeydir... Gördüyün bina hayların səfirliyidir. Düz deyirsən, həbəşlərlə hayların əlifbası bir-birinə çox oxşayır... Bax onun yaxınlığındakı o bina isə oteldir.
Mən sakitcə onu dinləməli oldum.
Araz bəy başladı bu iki bina bağlı təəssüratını, “xatirələrini” danışmağa:
-Bir neçə il əvvəl Vaqif Səmədoğlu buraya gəlmişdi. Axtarıb məni tapdı. Mən onunla Bakıdan tanışam, bir neçə dəfə görüşmüşdüm. Nə isə... Şairin zənginə laqeyd qalmadım. Vədələşib görüşdük. Vaqif bəy bax orada, o odeldə qalırdı...
Sonra müsahibim sanki başladığı söhbətə mənim reaksiyamı yoxlamaq istəyirmiş kimi soruşdu:
-Yəqin ki, Vaqif bəylə tanışsan?
-Əlbəttə.
-Bakıya qayıdanda salam deyərsən... Hə, onu deyirəm. Biz şairlə eyvana çıxdıq. Ordan-burdan söhbət etdik. Vaqif dedi ki, bilirəm buralarda içmək qadağandır, amma nəsə fikirləşmək lazımdır. Mən onun eyhamını anladım. Dedim ki, çalışıbıb bir şey təşkil edərik. O, mənim etirazıma baxmayaraq zorla cibimə pul basdı. Gedib bir tanışdan içki aldım. Yeməkxanadan xörək sifariş verdik. Yeyib-içəndən sonra otel otağının eyvanına çıxdıq. Mən söhbət əsnasında indi sənə göstərdiyim o binanın kimə məxsus olduğunu bildirdim. Bayaqdan sakitcəsinə söhbət edən Vaqif bəyin sanki birdən-birə əhvalı dəyişdi, qanı qaraldı. Sinəsini eyvanın sürahisinə dayayıb qonşudakı binaya sarı qəzəblə baxaraq rusca nəsə dedi. Düzü, mən onun nə dediyini anlamadım.
Az sonra otağımıza mühafizə xidmətinin adamları gəldi. Bildirdilər ki, şikayət var, polisə getməliyik. Mən dedim ki, adam qonaqdır, senatordur, şairdir. Dedilər ki, izahat almaq lazımdır. Hiss etdim ki, gələn dəstənin başçısı türkdür, azərbaycanlıdır. Onu kənara çəkdim. Başladıq öz dilimizdə danışmağa. Onunla gələn dəstə dəhlizə çıxdı. Mən dedim ki, qonaq azərbaycanlıdır. Mühafizəçi laqeyd-laqeyd mənə baxıb çiynini çəkdi, yəni nə olsun ki? Sonra əlavə edib dedim ki, sən Azərbaycanda yaşamış bir şair var, yəqin ki, onun adını eşitmisən. Mühafizəçi candərdi soruşdu ki, “kimdir, nəmənədir o şair?..” Mən yaxşı bilirəm ki, buradakı bütün azərbaycanlılar həmişə Bakı televiziyalarının kanallarına baxır. Odur ki, fürsəti əldən verməyib dedim yəqin Səməd Vurğunun adını eşitmisən. O, diqqətlə mənə baxıb dilləndi: “Baba, o kişinin adını kim eşitməyib ki? Mən onun Azərbaycan, Bakı, Araz haqqındaki şeirlərini əzbər bilirəm. Sən indi Vurğunun adını nə üçün çəkdin axı?” Mən dedim ki, bax bu gördüyün şenator Səməd Vurğunun ağludur, özü də şairdir, ad-soyadı Vaqif Səmədoğludur... Mühafizəçi üzümüzə diqqətlə baxaraq əl tutub görüşdü, dəhlizdə onu gözləyən dəstəyə yaxınlaşıb: “Getdik”- deyə, göstəriş verdi. Mən onda Vaqif bəyə zarafatla dedim ki, bax köməyimizə rəhmətlik atan gəldi... Şair kədərli-kədərli gülümsəyib bar xeyli susdu və handan-hana dedi: “Düz deyirsən, Araz”.
Bax, bəzən belə işlər də olur.  
FİRUZ MUSTAFA  

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib