Dərc edilib: 31-07-2024

https://www.nuh.az/37849-.html

Həkim pasiyentin VİDEO-sunu niyə çəkir?

31.07.2024 21:54:41

LIVE

Vaxtilə Yasamal rayonundakı 19 saylı poliklinika rəhbərliyinin özbaşınalığı haqqında "Yeni Sabah"da iki yazı dərc etdirmişdim. Onlar qızıma qanuni bülleten verməkdən imtina edir, hər dəfə onu incidir, özbaşınalıq edirdilər. 

O zaman Bakı Səhiyyə Şöbəsinin müdiri məni idarəyə dəvət etdi, müavini ilə birlikdə söhbət etdik. Onlar poliklinikanın baş həkiminin və sahə həkiminin doğru hərəkət etmədiklərini bildirdilər, lazımi tapşırıqlar verəcəklərini dedilər. Bir-iki il idi ki,  qızıma "hörmətlə " yanaşırdılar.

İyulun 27-də qızım Şəhla Qocanın qolu əzildiyi üçün onu işdən evə buraxmışlar, o da 19 nömrəli poliklinikaya zəng edərək  çağırış etmişdi. Günay xanım həkim kimi evə gələrək, qızımı videoya çəkmişdir. Qızım soruşub ki, "video nə üçündür?" Günay xanım cavab vermişdir ki, "xəstənin vəziyyətini sübut etmək üçündür"! 

Gülüncdür, deyilmi?

Mən iyulun 31-də Bakı Səhiyyə İdarəsinin qəbul şöbəsinə zəng etdim, özümü  təqdim etdim, telefonun dəstəyini qaldıran soruşdu ki, "şikayətinin nədir?". Soruşdum "siz kimsiniz, adınız nədir?" Yenə dedi "şikayətiniz varsa, deyin". Dedim " a kişi, adın nədir?" Yenə "şikayətinizi deyin" dedi. Yenə soruşdum, adını demədi. 

Ona anlatdım ki,  "mən özümü  təqdim etdim, sən də özünü təqdim et". Nəhayət "adım Rəhmandır" dedi və əlavə etdi ki, "mən sizi vətəndaşların qəbulu şöbəsi ilə birləşdirirəm". 

Bundan əlimi üzüb həmin şöbənin işçisi Ofelya Fərəcova ilə danışmalı oldum. O da başladı ki, "şikayətinizi deyin". Soruşdum "xəstənin videosunu çəkmək nə vaxtdan qanun olub?"  Dedi "araşdırarıq". Nə illah elədimsə, Səhiyyə Şöbəsinin müdirinin iş telefonunu vermədi ki, vermədi!

Ay Ofelya xanım, siz şikayət araşdıransınız? Qəbul şöbəsindəki adını gizlədən Rəhman da sizin kimi!

Ofelya məndən telefonumu soruşdu, dedim. Qızımın evinə gələn həkimin adını soruşdu, dedim. Heç soruşmadı ki, video çəkən hansı poliklinikadan gəlib...

Xeyrəddin QOCA

NUH informasiya agentliyi səhifəsindən çap edilib