Türkiyə vətəndaşı Rusiyaya gedərək keçmiş həyat yoldaşını öldürüb
Rusiyanın Kazan şəhərində Mete adlı Türkiyə vətəndaşı keçmiş həyat yoldaşı, 34 yaşlı Yelena Rudenkonu qətlə yetirib.
Yeniavaz.com “SHOT” Teleqram kanalına istinadən xəbər verir ki, hadisə onların üç yaşlı oğlunun ad günü baş verib.
Məlumata görə, Yelena bir neçə il əvvəl Türkiyədə Mete ilə tanış olub. Onlar evlənib və Almaniyada yaşamağa başlayıblar. Cütlüyün bir oğlu dünyaya gəlib. Lakin zaman keçdikcə münasibətlər pisləşib. Mete Yelenaya mənəvi təzyiqlər göstərib, onu təhqir edib.
2023-cü ilin oktyabrında Yelena oğlu ilə birlikdə Türkiyədən Rusiyaya – Kazana qayıdıb. Mete isə onların arxasınca gəlib və qonşu binada mənzil kirayələyib.
Ad günü Mete içəri daxil olub. Əvvəlcə uşağa hücum edib. Ana uşağı qorumağa çalışarkən bıçaq zərbələri alıb. Uşaq isə bıçaqla yaralanıb.
Cinayətdən sonra Mete oğlunu özü xəstəxanaya aparıb və həkimlərə təhvil verib. Hazırda uşaq babasının nəzarətindədir və vəziyyəti stabildir.
Yelena Rudenko bədii gimnastika üzrə Rusiya yığmasının sabiq üzvü olub. O, Kazanda idman məktəbinin direktoru və məşqçi kimi fəaliyyət göstərib.