Elm 600-700 manatlıq çərçivənin içində qalmamalıdır - Yenilənib
“Müasir dövrdə elə bir vəziyyətdəyik ki, elmə olan münasibəti köklü şəkildə dəyişməliyik. Əks halda əbədi geriqalma təhlükəsi əmələ gələ bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Bu nöqteyi-nəzərdən hesab edirəm ki, elmə ayrılan vəsait ÜDM-nin 0,16%-ni, büdcənin də 0.5%-ni təşkil etməsi ətrafında fikirləşmək üçün zəngin material verən xeyli mövzular var. Həm elmə ayrılan vəsaitin yalnız təkcə dövlət büdcəsi hesabına yox, eyni zamanda özəl sektorla əməkdaşlıq əsasında əlavə vəsaitin ayrılması, alimlərin əməkhaqqlarının artırılması... Kim elmə böyük töhfələr vermək istəyirsə, onun qarşısında olan bütün maneələr aradan qaldırılmalıdır. Artıq o, 600-700 manatlıq çərçivənin içində qalmamalıdır, daha yüksək gəlirlər əldə etməlidir”, - deyə deputat bildirib.
***
Maliyyə naziri Sahil Babayev əlavə edib ki, elm və təhsilə qoyulan vəsait ölkənin gələcək inkişafı üçün çox önəmlidir:
“Bu istiqamətdə ardıcıl olaraq fəaliyyətin genişləndirilməsini tərəfdarıyıq. Amma mən istərdim ki, biz elm və təhsilə kompleks olaraq baxaq. Düzdür, büdcə təsnifatında elm xərcləri ümumi dövlət xidmətləri funksional təsnifatında gedir, təhsil xərcləri isə ayrı funskional təsnifatda. Sırf ayrıca rəqəm olaraq baxanda, elm xərcləri çox kiçik görünür.
Lakin eyni zamanda nəzərə almalıyıq ki, təhsil xərcləri ötən il 4.4 milyard manat, ÜDM-in 3.5%-i olub. Bu il isə ÜDM-in 3.8%-i məbləğində proqnozlaşıdırlıb. Elm xərcləri ilə birlikdə bu, ÜDM-in 4%-i məbləğindədir. Bu, beynəlxalq normativlərə çox yaxın rəqəmdir”.
“Bizim təsnifatın qarşımıza çıxardığı çağırışlardan biri ondan ibarətdir ki, bizim təhsil xərcləri içində kifayət qədər elmlə bağlı xərclər var. Onlar ayrıca təhsil funksional təsnifatında getsə də, elmlə bağlı xərclərdir”, - deyə nazir bildirib.