Dərc edilib: 31-05-2025

https://www.nuh.az/41570-.html

Rəsul Rzanın ev-muzeyinin açılışı oldu

31.05.2025 16:51:07

LIVE

Bakıda Rəsul Rzanın ev-muzeyinin açılış mərasimi olub.

Teleqraf xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev açılış mərasiminə qatılan qonaqlara təşəkkür edib və muzeyin ədəbiyyat sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu gün Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün önəmli gündür.

"Xalq şairi Rəsul Rza və onun ömür-gün yoldaşı Nigar Rəfibəylinin ocağında toplaşmışıq. Ev-muzeyləri gənc nəsil, ədiblərimiz və tədqiqatçılarımız üçün böyük önəm kəsb edir. Hörmətli Anar Rzayevin dəvəti ilə bir neçə gün əvvəl ev-muzeyinə ilkin baxış keçirildi.

Anar müəllimin dolğun məlumatı ilə Rəsul Rzanın ədəbi irsinin incəliklərinə səyahət etdik. Anar müəllimə və ailə üzvlərinə təşəkkür edirəm",- deyə nazir söyləyib.

Xalq artisti Polad Bülbüloğlu çıxışında qeyd edib ki, Rəsul Rzanın ev-muzeyinin fəaliyyəti çox əhəmiyyətlidir: "Bu evi görəndə sanki 30-40 il cavanlaşmışam. Rəsul Rzanın şeirinə mahnı yazmışdım.

Azərbaycanda ev-muzeylərinin yaradılması Ulu Öndər Heydər Əliyevin məhsuludur. Bu ənənənin əsası Ulu Öndərimiz tərəfindən qoyulub və çox şadam ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilir".

Yazıçı Anar Rzayevin qızı Günel Rzayeva babası Rəsul Rzanın ev-muzeyinin fəaliyyətinə görə, Prezident İlham Əliyev və mədəniyyət naziri Adil Kərimliyə təşəkkür edib.

Qeyd edək ki, ev-muzeyinin açılışında bir çox ictimai-siyasi şəxslər iştirak ediblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib