Dərc edilib: 07-06-2025

https://www.nuh.az/41712-.html

Ana və 6 yaşlı qızı qətlə yetirildi – evə od vuruldu

07.06.2025 14:32:03

LIVE

Belçikanın Haasrode şəhərində dəhşətli qətl hadisəsi baş verib. Hadisə zamanı 46 yaşlı ukraynalı qadın və onun 6 yaşlı qızı həyatını itirib.

Musavat.com xəbər verir ki, onlar Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Belçikaya köçmüşdülər.

Qurbanların bədənində bıçaq izləri aşkarlanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxs evə od vurub. Məhz yanğınsöndürmə əməliyyatı zamanı xilasedicilər əvvəlcə ananın cansız bədənini, daha sonra isə ağır yaralı vəziyyətdə qızını aşkarlayıb. Uşaq reanimasiyada həyatını itirib.

Belçikanın VRT telekanalının yaydığı məlumata görə, 16 yaşlı oğlan – ailənin digər üzvü – hadisə zamanı məktəbdə olub və hazırda müvafiq qurumların himayəsinə verilib. Qətlə yetirilən qadının həyat yoldaşı isə hazırda Ukrayna Silahlı Qüvvələrinin tərkibində xidmət edir.

Qətllə bağlı prokurorluq istintaqa başlayıb, evin qəsdən yandırılması faktı da araşdırılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib