Dərc edilib: 08-06-2025

https://www.nuh.az/41725-.html

Süleyman Rüstəm Xalq artistini necə aldadıb... - Bu, yəqin, pərəstişkarım olan qızların işidir..

08.06.2025 00:14:34

LIVE

Mərhum Xalq şairi Süleyman Rüstəmin xatirələrində zəmanədaşları ilə bağlı maraqlı məqamlar var.

Yenisabah.az onlardan birini oxucuların ixtiyarına verir:

"Mikayıl (Rəfili - re.) məclislərdə çox hazırcavab və zarafatcıl adam idi. Onun olduğu məclislərdə vaxtın nə zaman gəlib keçdiyini hiss etməzdin. Dostlarını özüylə zarafat etməyə özü həvəsləndirərdi.

Adam var ki, iki cümləsini eşitdinmi, darıxırsan, canını əlindən qurtarmağa çalışırsan. Ancaq Mikayılı biz özümüz axtarırdıq ki, gərgin yaradıcılıq zəhmətindən sonra onunla şən dəqiqələr keçirə bilək.

Xalqımızın əvəzsiz, qüdrətli ustad müğənnisi Bülbül də Daşkənddə bizimlə idi. Bülbülün çıxışlarının təsirini bir neçə sözlə demək mümkün deyildir. Operalardan ariyaları, xalq mahnılarını elə məharətlə, məlahətlə ifa edirdi ki, salondakılar onu səhnədən getməyə qoymurdu. Biz böyük iftixar hissi ilə Bülbülümüzün bu misilsiz təntənəsinə ürəkdən sevinirdik.

Biz Daşkənddə hökumət bağında yaşayırdıq. Mikayıl Rəfili və Bülbül pəncərəsi bağçaya açılan bir otaqda olurdu. Bülbül özüylə Daşkəndə bir zənbil "Borjom" suyu gətirmişdi. O suyu ancaq özü içirdi.

Bir gün Daşkəndin istisi bizi haldan saldı. Naçar qalıb Bülbülün bir neçə “Borjom” şüşəsini açıb stəkanları doldurub doyunca içdik. Əvəzinə isə şüşələrə adi su töküb öz qaydasıyla bağladıq.

Sonra gördük ki, Bülbül Daşkəndin havasından şikayətlənir: "Canım, qəribədir, burada “Borjom”un dadı tamam dəyişib. Yəqin havadandır..."

Bu sirri açmadıq.

Hökumət bağındakı qizılgül kollarından qalxan ətir qoxusu bizi məst edirdi. Bülbüllə incə zarafatımız vardı. Bir səhər Bülbül bağçaya əl-üzünü yumağa çıxanda gülləri görüb heyrət etdi. Bir az sonra mən Mikayılla bərabər otağa girib gülləri təəccüblə nəzərdən keçirdik.

- Bülbül, bu nə işdir? Bu nə aləmdir, bu güllər yataqda nə gəzir?

- Bu, yəqin, mənim pərəstişkarım olan qızların işidir.

Mikayıl dedi:

- Allah elə erkək qızlardan bizə də qismət etsəydi, dərdimiz nəydi ki!

Hamımız gülüşdük. Bir gün axşamüstü bağda gözəl bir süfrə açılmışdı. Bülbül hara isə getmişdi. Süfrə arxasında dostluqdan, ədəbiyyatdan, incəsənətdən şirin söhbət gedirdi.

Söhbətdən sonra özbək xanəndələri oxumağa başladı. Onlar nimçəni qaval kimi qulağına yaxın tutub oxuyurdu. Nimçə kimə ötürülürdüsə, həmin adam tez musiqinin ahəngi altında oxumağa başlayırdı.

Bəli, nimçə mənə ötürüldü. Mən də solumdakı bir özbəyə ötürmək istəyəndə o nimçəni məndən almadı, sonra sağımdakı yoldaşa ötürmək istədim o da almadı. Özbək dostlar “öf” çaldılar:

“Bülbül əkə, Bülbül əkə”, - deyə məndən oxumağımı xahiş etdilər.

Çox qəribə vəziyyət əmələ gəlmişdi. Alqışlar arasında mən onları başa sala bilmirdim ki, mən Bülbül deyiləm, Süleymanam.

Nəhayət, ara sakit oldu. Mən dedim ki, "Bülbül hazırda bu məclisdə yoxdur. Mən şair Süleyman Rüstəməm. İnanmırsınızsa, vəsiqəmi göstərə bilərəm”. Dostlar gülüşdü.

Məşhur özbək xanəndəsi Kare Yaqubun həyat yoldaşı da təsdiq etdi ki, mən Bülbül deyiləm. Bir şer oxumaqla yaxamı musiqi həvəskarlarının əlindən qurtardım".

NUH informasiya agentliyi səhifəsindən çap edilib