Dərc edilib: 09-06-2025

https://www.nuh.az/41792-.html

Anam deyirdi ki, onu TAR alətinə görə zəhərlədilər, son əsərini xəstəxana divarına yazdı - ÖZƏL

09.06.2025 09:51:40

LIVE

“Asəf Zeynallı heç vaxt Kövkəb Səfərəliyevanı sevməyib, heç nişanlı da olmayıblar. Yayılan məlumatlar tamam əsassızdır. Ola bilər ki, Kövkəb xanım Asəfi sevib. Yaxın dost olublar. Amma Asəfin əsas sevgisi Leninqradda idi. Onunla evlənməli idi. Qastrol səfərində tanış olmuşdular. O da musiqiçi idi. Hətta Asəf deyirmiş ki, mən də musiqiçiyəm, o da, bizim uşaqlarımız çox istedadlı olacaqlar. Asəf özünə bəylik kostyumu, qız üçün kələğayı da almışdı. Buna baxmayaraq qızın ailəsi də, Asəf Zeynallının ailəsi də bu izdivaca narazı idilər. Deyirdilər ki, öz millətimizin qızını al. Yola düşüb Leninqrada getməli idi, lakin yarım qaldı”
 
Bunu Moderator.az-a açıqlamasında 23 yaşında dünyasını dəyişən mərhum bəstəkar Asəf Zeynallının yaxın qohumu Elşanə Ağasıyeva deyib.
 
O daha sonra əlavə edib:
 
“Tar alətinə görə Asəf Zeynallının “aradan götürdülər”. Tarı ləğv etmək istəyirdilər. O etiraz etdi, bildirdi ki, tar bizim milli alətimizdir, muğamın əsasıdır, bunu məhv etmək olmaz. Bu da ermənilərin fitnəsi idi. Deyirdilər ki, tar keçmişin qalığıdır, bunu ləğv etmək lazımdır. O da açıq-aşkar çıxışlar edirdi. Anam danışırdı ki, o çıxışdan sonra onu çağırdılar. Hətta evdəkilər də deyirmişlər ki, ora getdisə daha evə gəlməz, buraxmazlar. Amma buraxırlar, evə gəlir. Onu Qarabağa ezamiyyətə göndərdilər. Bu dəfə nəsə getmək istəmirdi. Simfoniyanı yazmağa başlamışdı. Özləri bilərəkdən onu çox yerləri gəzdirib, susuz qoyublar. O da su istəyəndə zəhərli su veriblər. Hətta içəndə də deyib ki, nəsə bu sudan xoşum gəlmədi, qəribə dadı var. Onlar da deyiblər ki, bu tərəflərin suyu belə olur. Suyu içəndən sonra halı dəyişir. O necə sağlam olubsa, özünü Bakıya çatdıra bilib. Başqası olsaydı elə yerində qalardı. Bakıda müalicə alsa da sağalmır. Sonuncu əsərini xəstəxana divarına yazır. Anam deyirdi ki, o sağ qalsaydı onsuz da 1937-ci ildə repressiyada qurban gedəcəkdi” deyə bəstəkarın yaxını bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib