Şəhərdə it gəzdirmək qadağan olundu...
İranın 17 şəhərində it gəzdirmək qadağan edilib
Moderator.az "İslamnews"-a istinadla xəbər verir ki, “Arab News”-ın yaydığı məlumata görə, İran hakimiyyəti sakinlərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı narahatlıqlarını əsas gətirərək, ictimai yerlərdə itlərin gəzdirilməsinə qadağaları genişləndirib.
Qadağa 2019-cu ildə Tehranda tətbiq edilib. İndi bu, İlam, İsfahan və Kirman da daxil olmaqla daha 17 böyük şəhərə şamil edilib.
Təhlükəsizlik üçün zəruri olan hallar istisna olmaqla, evdə it saxlamaq İslamda bəyənilmir, lakin İranda it saxlamağa rəsmi qadağa yoxdur. Bununla belə, itlər ev heyvanları kimi o qədər də məşhur deyil, çünki onların tüpürcəyi İslamda murdar bir maddə - nəcas hesab olunur.
Bir çox sakinlər evdə it saxlamaq dəbini də Qərbin təsirinin nəticəsi hesab edirlər. Tehranda itlərin gəzdirilməsinə uzun müddət qadağa qoyulmasına baxmayaraq, onların sahibləri əslində buna əməl etmirlər. İndi hakimiyyət qanunu pozanların qanun qarşısında cavab verəcəklərini qətiyyətlə bəyan edir. İlam meriyasından "Etemad" nəşrinə bildiriblər ki, qanun pozucularına qarşı qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq olunacaq.