Stalindən geri qalmayan Xruşov - repressiya yarışında o da minlərlə insanı məhv edib
Nikita Xruşşovun Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayında statistik məlumatlara əsaslanan və İosif Stalinin necə pis adam olmasından bəhs edən “alovlu” çıxışı bir çoxlarına məlumdur. O, iqtisadiyyat, təhsil, II dünya müharibəsi və təbii ki, repressiyalar haqqında danışıb. Onun çıxışında əsas diqqət çəkən nüans “Stalin böyük tiran olub, hamını ayrı-seçkilik etmədən repressiya edib”. Məhz bundan sonra “Stalin repressiyalarının” nəhəng qurbanları haqqında araşdırmalar başlanılıb.
Əvvəlcə minlərlə, sonra on minlərlə və bizim dövrümüzdə bəzi tarixçilər artıq repressiyaya məruz qalanların bir neçə milyon olduğunu deyib. Lakin Xruşov da Stalindən geri qalmayıb, hər gün minlərlə insanı sorğu-sualsız həbsə göndərib, ailələri məhv edib. Təki Stalinin qarşısına qoyulan siyahıda 3-4, hətta 5 saylı rəqəmlərin başında onun adı görünsün.
Stalin Xruşovun 1938-ci ildə ona göndərdiyi şikayət məktubuna cavabında iki söz yazıb - “Sakitləş, axmaq!”.
Məsələ burasındadır ki, Xruşov o zaman Ukrayna SSR Mərkəzi Komitəsinin birinci katibi olub və Stalinə belə yazıb: “Ukrayna SSR hər ay 17-18 min repressiyaya məruz qalan adam göndərir, Moskva isə 2-3 mindən çox olmayan adamı təsdiqləyir. Təcili tədbirlər görmənizi xahiş edirəm”.
Əslində, Xruşov repressiyalarda həddindən artıq fəallıq nümayiş etdirməyə ondan çox-çox əvvəl, hələ 1935-ci ildə, Moskva vilayət partiya komitəsinin katibi vəzifəsini tutanda başlayıb. O zaman repressiya maşını yenicə güclənib və heç kim bunun sonda necə olacağını təxmin edə bilməyib. Sanki hər şey qaydasında gedib, amma zaman keçdikcə Xruşov kimi şəxslər liderlik etməyə başlayıblar. Məsələn, onun Moskva vilayət partiya komitəsində altı ay işlədikdən sonra dedikləri budur: “Cəmi 308 nəfər həbs olunub. Demək lazımdır ki, biz o qədər adamı həbs etməmişik. Bizim Moskva təşkilatımız üçün 308 nəfər azdır!”. 1936-1937-ci illər repressiyalar baxımından xüsusilə aktiv olub. Bəs, o zaman Moskvada və Moskva vilayətində nə baş verib?
Məhz orada müəyyən vətəndaşların repressiyalarını təsdiq edən qətnamələrin əksəriyyətini şəxsən Xruşov qəbul edib. 1937-ci ildə Moskva şəhərinin və Moskva vilayətinin 41 305 sakini müxtəlif cəzalara, o cümlədən ölüm cəzasına məhkum edib. Bu, eyni dövrdə geniş ölkənin hər hansı digər bölgəsində, hətta müttəfiq respublikalarda olduğundan xeyli çox olub. Yəni burada Xruşov “planı” birmənalı şəkildə artıqlaması ilə yerinə yetirib. Ümumiyyətlə, 1936-1937-ci illərdə Moskva vilayətində 55 741 nəfər repressiyaya məruz qalıb.
Xruşov 1937-ci ildə çıxışlarından birində deyib: “Bu əclafları məhv etmək lazımdır. Tərəddüd etməməliyik, xalqın rifahı naminə düşmənlərimizin üstündən keçməliyik!”.
O, ilk növbədə, həmişə yaxınlıqda olanları, yəni Moskva şəhər və vilayət partiya komitələrinin büro üzvlərini sıradan çıxarıb. Bir ildən sonra 38 nəfərdən yalnız üçü sağ qalıb, qalanları Xruşovun təhriki ilə repressiya qurbanı olub. Moskva vilayətinə gəlincə, bir il ərzində partiya komitəsinin 63 üzvündən 45-i repressiyaya məruz qalıb.
Eyni zamanda, onilliklər sonra bir çox tarixçilər əvvəllər Moskva vilayətində partiya komitəsinə rəhbərlik etmiş Lazar Kaqanoviçi misal çəkiblər. Kaqanoviçin dövründə hər kəs öz yerində işləyib və heç bir qanun pozuntusuna yol verilməyib.
Xruşov gələndə isə idarənin 80%-dən çoxu repressiyaya məruz qalıb. Xruşovun özü 1937-ci ilin dekabrında seçicilərin mitinqlərindən birində repressiyaya məruz qalan keçmiş həmkarları haqqında deyib: “Biz əclafları məhv etdik!”. 1938-ci ilin yanvarından sonra o, Ukrayna SSR-in partiya təşkilatına rəhbərlik edib.
Bəs Xruşovun dövründə repressiyalar baxımından respublikanın başına nə gəlib? Əvvəla, yenə Xruşovun təhriki ilə ölkənin keçmiş rəhbərliyi repressiyaya məruz qalıb. Onun işlədiyi bir il ərzində Xalq Komissarları Sovetinin tamamilə bütün üzvləri, o cümlədən vilayət komitələrinin birinci və ikinci katibləri həbs edilib. Bundan sonra repressiya dalğası hərbçiləri vurub. Hərbi dairələrdəki, demək olar ki, bütün komandirlər və onların müavinləri tutulub.
Ukrayna SSR ərazisində Kommunist partiyasının 1938-ci ildə keçirilmiş qurultayı zamanı Mərkəzi Komitəyə 86 üzv seçilibb. Cəmi bir il sonra yalnız üç nəfər sağ qalıb, qalanları repressiya ilə üzləşib. Eyni zamanda Xruşovun “sifarişi” ilə repressiyaya məruz qalan sadə insanlar da olub.
Onun Ukraynaya rəhbərliyinin birinci ilində respublika ərazisində siyasi və digər səbəblərdən 106 119 nəfər repressiyaya məruz qalıb. Bu, yalnız birinci ildir və Xruşov 1949-cu ilə qədər Ukrayna SSR-də partiyaya rəhbərlik edib. Məhz 1938-ci ildə Xruşov Stalinə ən əvvəldə qeyd edilən şikayəti göndərib.
Stalin vaxtında buna mane olmasaydı, kim bilir, bu cür canfəşanlıq nələrə gətirib çıxarardı? 18 ildən sonra Xruşov tribunadan “Stalinin şəxsiyyətinə pərəstiş”dən və onun günahı ucbatından həyata keçirildiyi iddia edilən külli miqdarda repressiyalardan çox gözəl danışıb, lakin özünün “qəhrəmanlıqlar”ından bir kəlmə də deməyib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün