Dərc edilib: 18-06-2025

https://www.nuh.az/41935-.html

Olmayan səhiyyəmizin peşə bayramı, yaxud TAUN ZAMANI BAYRAM...

18.06.2025 22:02:42

Hadisə

Dünən Azərbaycanda “Tibb işçilərinin peşə bayramı” idi. Paytaxt Bakıdakı Nərimanov Tibb Mərkəzinin təmtəraqlı bayram tədbirindən (restorandan) NUH.az-ın redaksiyasına  göndərilən fotolar və videolar bu yazı üçün səbəb oldu.

 

Əlbəttə, hər kəsin istirahət etmək, şənlənmək, yeyib-içmək, öz peşə bayramını qeyd etmək  hüququ var. Ancaq bu məclisdə əyləşən tibb işçilərinin buna mənəvi haqqı varmı?.. Axı, ölkə səhiyyəsini bərbad günə qoyanlar, bu məclisdə iştirak edənlər arasında az deyildi.

 

Yeri gəlmişkən, ölkəmizdə səhiyyədən  söhbət düşəndə “Xəstənin sol ayağın əvəzinə, sağlam sağ ayağını kəsən”, “Xəstənin kor bağırsağı yerinə, nazik bağırsağını kəsən” və utanıb-qızarmadan “Mexaniki səhv olub, dəə!” deyən milli səhiyyəmiz yada düşür.

Biz, hələ, Azərbaycan səhiyyəsini məhv edən rüşvət, korrupsiya, milyonlarla dövlət vəsaitini mənimsəmə hallarını demirik.


Nərimanov Tibb Mərkəzinin təmsilçilərinin xalqın bu acınacaqlı günündə BAYRAM etməsi yada məşhur ifadəni salır:

— TAUN  ZAMANI BAYRAM (Пир во время чумы), yəni ümumi fəlakət zamanı BAYRAM ETMƏK!

Bəli, FƏLAKƏT!

Bu gün Azərbaycanda səhiyyə müəssisələrində heç bir imkanlı şəxs və ailə üzvəri müalicə olunmur. Bütün imkanlı şəxslər Almaniyada, Fransada, Amerikada, ən pis halda Türkiyədə, İranda müalicə olunurlar. Azərbaycan səhiyyəsi isə, sonuncu ümidini itirib, çörək pulunu dərmana verənlərin, barmağının üzüyünü, daha nələri satanların cibinə girməklə məşğuldur.

Yetim-yesir, imkansız insanlar ölkə səhiyyəsinə müraciət edir, sonuncu pulunu xərcləyir, amma heç bir faydası omur.

Neçə ildir ölkə mediası 12 bal toplayıb, rüşvətlə Azərbaycan Tibb Universitetinə  qəbul olan tələbələrdən — gələcək həkimlərdən yazır.

Belə həkimlərin qəssabdan heç bir fərqi yoxdur.

Bütün bunlar FƏLAKƏT deyilmi?!

 

 

 

Cənab  Prezidentin ölkə səhiyyəsinə ayırdığı milyonlarla dövlət vəsaitini TƏBİB-in adıyla rəhbərliyi saxta tenderlər zamanı mənimsəyir, dövlətin verdiyi dərman preparatlarını özəl apteklərdə satdırıb, milyonlar qazanır.

Kasıb insanlar isə günlərlə, aylarla Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında qalırlar.

Yeri gəlmişkən, sual etmək istəyirəm,  TƏBİB-dir, nədir, kimə və nəyə lazımdır?!

Saxta islahat, pilot layihə adı altında millətin başında dəlləklik öyrənmək, milyonları mənimsəmək… Bu, nə demək?!.

Onu da qeyd edək ki, pilot layihələrin hamısı iflasa uğrayıb.

Rüşvət, korrupsiya TAUN epidemiyası kimi milli səhiyyəni məhv edib.

Hələ bu harasıdır?!

Nərimanov Rayon Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov savadlı, təcrübəli kadrları yaş həddi ilə bağlı işdən uzaqlaşdırır. Amma 68 yaşlı Şəhla Məmmədovanı 8 saylı poliklinikaya (indiki  1 saylı şöbə) müdir təyin edir.

Bir soruşan yoxdur ki, o, necə, 65 yaşlı əməkdaşı yaş həddi ilə bağlı işindən uzaqlaşdırır, amma 68 yaşlı birinə vəzifə verir?!.

Sözün qısası, səhiyyəmizi Tibbi Sığorta Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Tibbi mərkəzlər məhvə gətirib, çıxarıblar.


Yeri gəlmişkən onu da qeyd edək ki, hər  Peşə Bayramında həmin sahənin nümayəndələri 1 gün öncə orden, medal, fəxri adlarla təltif olunurlar. Tibb İşçilərinin Peşə Bayramında isə belə olmadı.

Deyəsən, TƏBİB artiq təkcə kasıb təbəqənin deyil, hamının səbrini daşırıb. 


NUH informasiya agentliyi səhifəsindən çap edilib