Dərc edilib: 22-06-2025

https://www.nuh.az/41993-.html

Ərdoğandan : MÜSƏLMAN ÖLKƏLƏRİ BİRLƏŞMƏLİDİR

22.06.2025 09:17:38

LIVE

Ərdoğandan İsrailə sərt mesaj: "Yeni Yaxın Şərq düzənini qanla qurmağa icazə verməyəcəyik" 

"İslam dünyası susmamalıdır, bizim birgə səsimiz İsrailin işğalçı siyasətinə qarşı ən güclü sipər olacaq..."
 
İsrailin İrana qarşı hərbi təcavüzü təkcə regionda yeni bir müharibənin qığılcımı deyil, eyni zamanda diplomatik səylərə qarşı açıq sabotaj kimi dəyərləndirilməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında çıxışı zamanı bəyan edib. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
 
Ərdoğanın sözlərinə görə, İsrailin son hücumları, xüsusilə ABŞ və İran arasında yeni nüvə danışıqları mərhələsi ərəfəsində həyata keçirilməsi Tel-Əvivin diplomatik həll yolunda maraqlı olmadığını göstərir: "İsrail danışıqlardan əvvəl İrana hücum edib. Bu açıq şəkildə sübut edir ki, Netanyahu və onun ətrafındakı canilər diplomatiya istəmir. Onlar bölgəni savaşa sürükləyir".
 
"Netanyahunun məqsədi Qəzzadakı soyqırımı unutdurmaqdır"
 
Türkiyə lideri xüsusi olaraq vurğulayıb ki, İsrailin İrana yönəlmiş hücumlarının arxasında duran əsas niyyətlərdən biri beynəlxalq ictimaiyyətin diqqətini Qəzzada davam edən faciədən yayındırmaqdır. "Biz buna imkan verməyəcəyik. Netanyahu Qəzzadakı cinayətlərə görə cavab verməlidir. Onun İrana qarşı hücumları bu məsuliyyətdən yayınmaq cəhdidir. Türkiyə buna susmayacaq".
 
Ərdoğan həmçinin xəbərdarlıq edib ki, bu münaqişə yalnız İran və İsrail arasında məhdud qalmaya bilər. "Bu təcavüz nəticəsində risk altına düşən təkcə İran deyil. Türkiyə və Pakistan da daxil olmaqla bütün bölgə təhlükə altındadır", - o, bildirib.
 
Yeni "Says-Piko"planına qarşı çıxış
 
Türkiyə lideri İsrailin bölgədə "yeni düzən" qurmağa çalışdığını deyərək tarixi paralel aparıb: "Bu bölgədə sərhədlər bir daha qanla çəkilməyəcək. Necə ki, Says-Piko sazişi Osmanlıdan sonra bölgəni parçalayıb, bu gün də bənzər planlara icazə verməyəcəyik" (bu saziş Birinci Dünya müharibəsindən sonra Osmanlı torpaqlarının Britaniya və Fransa arasında bölüşdürülməsini nəzərdə tuturdu - red.).
 
Ərdoğan qeyd edib ki, bölgə artıq yeni bir müharibəni qaldıra bilməz və İraqla Suriya bu münaqişəyə cəlb edilməməlidir. Onun fikrincə, yeganə çıxış yolu dərhal atəşkəs və diplomatik masa ətrafında danışıqlardır.
 
Türkiyə hərbi gücünü artırmağa qərarlıdır
 
Ərdoğan eyni zamanda bəyan edib ki, Türkiyə öz milli təhlükəsizliyini təmin etmək üçün raket proqramlarını gücləndirəcək. Prezident bu addımı İsrailin İranda nümayiş etdirdiyi hərbi gücə qarşı önləyici tədbir kimi əsaslandırıb. "Heç kim Türkiyəyə toxunmağa cəsarət etməsin deyə, silahlı qüvvələrimizi daha da gücləndirəcəyik", - o, əlavə edib.
 
"Müsəlman ölkələri birləşməlidir"
 
Konfransdakı çıxışında Ərdoğan daha bir vacib mesaj verib: "İslam dünyası susmamalıdır. Qüdsü, Qəzzanı, Dəməşqi, Bağdadı və Tehranı eyni taleyin bir parçası kimi görməliyik. Bizim birgə səsimiz İsrailin işğalçı siyasətinə qarşı ən güclü sipər olacaq".
 
Prezident bildirib ki, artıq beynəlxalq hüquq normaları açıq şəkildə pozulur və İsrailin bu davranışı bütün Yaxın Şərq üçün fəlakət ssenarisi yaradır. Bu səbəbdən o, müsəlman ölkələrini həmrəyliyə və vahid mövqeyə çağırıb.
 
Diplomatiya yoxsa dağıdıcı ambisiyalar?
 
Türkiyə prezidentinin çıxışları göstərir ki, Ankara bölgədə sülhü qorumaq üçün diplomatik təşəbbüsləri davam etdirəcək. Lakin eyni zamanda açıq mesaj verilir: əgər İsrail bu kursdan dönməzsə və Qəzzada, İranda, daha sonra isə başqa yerlərdə qan tökməyə davam edərsə, bölgə dövlətləri bu təcavüzün qarşısında səssiz qalmayacaq.
 
Ərdoğan son nöqtəni belə qoyub: "İsrail dinc yanaşı yaşamağı deyil, müharibəni seçirsə, cavab da siyasi və regional olacaq. Amma biz hələ də diplomatiya yolunun tam bağlanmadığını düşünürük"

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib