Dünyanın ən böyük neft istehsalçıları: İran 6-cı yerdə
ABŞ və İran arasında artan gərginlik fonunda dünya neft bazarları hərəkətlənib. ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra Brent markalı neftin qiyməti qalxsa da atəşkəsdən sonra sabitləşib.
Modern.az xəbər verir ki, Statistanın dərc etdiyi son məlumata əsasən, 2024-cü ildə dünyada gündəlik 102,8 milyon barel neft və digər maye yanacaq istehsal olunub.
ABŞ bu siyahıda 22,7 milyon barel/gün göstəricisi ilə liderlik mövqeyini qoruyur. Bu, ümumi dünya istehsalının 22 faizinə bərabərdir. Ardınca Səudiyyə Ərəbistanı (10,7 mln) və Rusiya (10,5 mln) gəlir. İran isə 4,7 milyon barel/gün istehsalla 6-cı yerdə qərarlaşıb, bu da dünya üzrə təxminən 5 faizlik pay deməkdir.
İlk 8-lik belədir:
- ABŞ – 22,715 mln (22%)
- Səudiyyə Ərəbistanı – 10,710 mln (10%)
- Rusiya – 10,533 mln (10%)
- Kanada – 5,997 mln (6%)
- Çin – 5,334 mln (5%)
- İran – 4,685 mln (5%)
- İraq – 4,505 mln (4%)
- Braziliya – 4,277 mln (4%)
Ekspertlər hesab edir ki, İranın əsas gücü təkcə neft istehsalında deyil, Hörmüz boğazına nəzarətindədir. Qeyd edək ki, dünya üzrə satılan xam neftin təxminən 20 faizi bu boğazdan keçir.
ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya dünya bazarının yarısını formalaşdırsalar da İran kimi ölkələrin strateji mövqeyi enerji təhlükəsizliyində həlledici rol oynayır.