32 Yaşlı Şəhid Xanımının Səssiz Mübarizəsi - Əzizə FARİZ
Qarşıma keçib "Ad günün mübarək" deyəcək bir adam yoxdur — çünki o, bu Vətən üçün torpağa qarışıb.
Mən bir şəhid xanımıyam…
Hər kəsin "səbirli ol" dediyi, amma heç kimin nə hiss etdiyini bilmədiyi qadınam.
Susmağı öyrəndim, çünki danışsam, ürəyimin qırıntıları səsi batırar.
Bu gün bir qadının doğum günü deyil,
bir şəhidin yadigarı olan qadının, ananın, yarımçıq qalmış sevginin günüdür.
Bu gün çox gözlədim...
Gözlədim ki, qapı açılsın,
mənim Farizim içəri girsin…
Amma qapı açıldı…
İçəri sükut gəldi...
Mən sevgi ilə evlənmişdim…
Mən Vətənlə paylaşacağımı bilmirdim o sevgini…
Bilmirdim ki, övladlarım "ata" deyə bilməyəcək və mən hər dəfə bu sözlə titrəyəcəyəm.
Bu yaşda mənə nə hədiyyə düşür?
Bir şəkil… çərçivədə donub qalan bir gülümsəmə…
32 yaşımda mən susuram...
Çünki danışsam, dilimin ucunda şəhid qanı damlayar…
Çünki ağlasam, torpaq islanar…
Çünki qışqırsam, Vətən sarsılar…
Bu gün mən təkcə özümə yox,
bütün şəhid xanımlarına arzu edirəm:
Allah bizim övladlarımıza elə güc versin ki, atalarının yoxluğunda boylarından böyük şəxsiyyət daşısınlar.
Fariz...
Sən bu gün yoxsan…
Amma bu yaşımın hər saniyəsində nəfəsinlə yaşayıram.
Bu 32 yaş – mənim həyatımın yubileyi deyil.
Bu, səssiz qəhrəmanlığımın ildönümüdür.
Göz yaşlarımla yazdım bu yaşımı…
Qürurumla imzaladım.
Bu gün – qadınlıq susdu, ana dözdü, Vətən danışdı.
Bu gün – bir şəhidin qadını 32 yaşında tək qaldı, amma diz çökmədi..!
