Dərc edilib: 29-06-2025

https://www.nuh.az/42087-.html

Ağsuda əməliyyat: 2 ay əvvəl Prezidentin MEDAL verdiyi Sənan Feyzullayev həbs olundu

29.06.2025 16:02:31

Cəmiyyət

İcra başçısı Rövşən Bağırov öz  “qara kassir”inə BƏRAƏT almaq istəyir...

 

 

İyunun 20-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Qax rayonunda keçirdiyi genişmiqyaslı əməliyyat  zamanı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, onun müavinləri və digər vəzifəli şəxslərin saxlanılıb.

İcra başçısı və onunla birlikdə saxlanılanlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya  cinayətləri üzrə  ittiham olunurlar.

Musa Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Musa Şəkiliyevin və müavinlərinin həbsi cəmiyyətdə ciddi rezonans doğurdu. Çünki  neçə il idi ki, icra başçılarının həbsi dayanmışdı. Deməli bu prosesə yenidən  start verilib və  daha hansı icra başçılarının həbs olunacağı  cəmiyyət üçün maraqlıdır. Yəni Musa Şəkiyevdən sonra növbə hansı icra başçısınındır ?

Mediada uzun  illərdir  qanunsuz  əməlləri  barəsində yazılanlardan ehtimal etmək olur ki, növbə   Ağsu Rayon İcra Hakimiyyətinin başçısı  Rövşən Bağırova çatıb.

Rövşən Bağırov vəzifəyə təyin olunduğu vaxtdan ( 2007-2021-ci illər Lerik RİH-nin başçısı, 2021-ci ildən Aqsu RİH-nin başçısı )  dəfələrlə mətbuatın gündəminə gəlib.

Mediada Rövşən Bağırovla bağlı yazılan neqativ məqalələri, vətəndaş şikayətlərini, dövlət qurumlarına müraciətləri oxuyanda adam dəhşətə gəlir. 

Rövşən Bağırov barəsində yazılan 100-lərlə şikayətlərdən yalnız  1-inin üzərində dayanaq. Necə deyərlər, dəniz suyunun dadını bilmək üçün bir damcı da yetər.

İcra başçısının səyyar  qəbulunda olan Ağsu rayonu Muradlı kənd sakini Eyyub Əkbərov  yazır ki, mənim qanuni  pay torpaq  sahəmin ərazisindən SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılova məxsus  “Az-Granata”  MMC şirkətinə kanalizasiya xətti çəkiblər. Bu kanalizasiya xətti düzgün çəkilmədiyi üçün mənim sahəmi hər gün  batırır. Mən səyyar  qəbulda  olanda bu problemlə bağlı ayağa qalxıb icra başçısına müraciət etdim. O məni elə acıladı, təhqir edərək  dedi ki, sən kimsən ki, mənə bu sözləri deyirsən?

Təsəvvür edirsiniz   Ağsu sakini  ona məxsus  qanuni pay torpaq  sahəsi ilə bağlı  icra  başçısından  kömək istəyir, icra  başçısı  isə  Mikayıl İsmayılovun şirkətinin adını eşidən kimi  vətəndaşı təhqir edir...

Rövşən Bağırovdan soruşuruq ki, Prezident səni Ağsuya icra başçısı təyin edəndə xalqa qulluq elə deyib, yoxsa Mikayıl İsmayılova ?

Sözün qısası, Rövşən Bağırovun  15 il Lerikdə, 5 ildir isə Ağsuda mənimsədiyi milyonlar, biznes obyektləri barədə yazmaqla bitən deyil.

Ona görə də konkret məsələyə keçək.

Məlumdur ki, 2024-cü ilin sentyabr  ayında korrupsiya halları ilə bağlı  Ağsu RİH-də  əməliyyat keçirilib.

Ağsu RİH-nin  ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Feyzullayev Sənan Nadir oğlu və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi Əsgərov Vüqar Səxavət oğlunun qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Sual olunur ki, RİH-nin şöbə müdiri Sənan Feyzullayev icra başçı  Rövşən Bağırovun  “xeyir-duası”  olmadan rüşvət ala bilərdimi ?

Ağsu sakinləri  Sənan Feyzullayevi icra başçısı  Rövşən Bağırovun “qara kassa”sı  kimi tanıyırlar.

Ən dəhşətlisi bilirsiniz nədir ?

Deməli, həbsindən 2 ay öncə Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli,      № 171    sərəncamı ilə  Feyzullayev Sənan Nadir oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. ( Mənbə: https://e-qanun.az/framework/57114 ).

Məgər möhtərəm Prezidentimiz  təltif olunan 100-lərlə Feyzullayev Sənan kimilərini şəxsən tanımalıdır?

Əlbəttə, yox. Prezidentin rayonda səlahiyyətli nümayəndəsi icra başçısı  Rövşən Bağırovdur. Deməli, Sənan Feyzullayevin medal alması üçün xeyir-duanı-təqdimatı da Rövşın Baöırov yazıb və Prezidenti aldadıb.

Atalar demişkən, yalanın və…ömrü  2-cə ay çəkib. Və döşünə MEDAL  taxan Sənan Feyzullayev HƏBS OLUNUB.

Bu hələ harasıdır ?

2024-cü ilin sentyabrında həbs olunan Sənan Feyzullayev  haqqında konkret qərar yoxdur.

Mediada yayılan xəbərə görə, Sənan Feyzullayev barəsində istintaq işi 2024-cü il dekabr ayında yekunlaşıb və  Şamaxı Rayon Məhkəməsinə göndərilib. 7 aydır ki, məhkəmədən xəbər yoxdur.

Görəsən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi və digər dövlət qurumları hara baxır ?

Deyəsən Rövşən Bağırov öz  “qara kassir”inə bəraət almaq və yenidən vəzifəyə qaytarmaq üçün  nə mümkündürsə edir. Çünki  Sənan Feyzullayev icra başçısına xəbər göndərib ki, məhkəmədə açaram haa, tökərəm haa...

Sözün qısası, Qaxdan sonra növbədə birinci  Ağsu gəlir. Hazır ol, Rövşən Bağırov.

Rövşən Bağırovun  SAXTA DİPLOM MƏSƏLƏSİNƏ  növbəti yazıda  aydınlıq gətircəyik.

Bizi izləyin.

NUH informasiya agentliyi səhifəsindən çap edilib