Yekaterinburqda öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
Yekaterinburqda öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələri yaxınlarına təhvil verilib.
Bu barədə Teleqraf-a mərhumların qardaşı Seyfəddin Hüseynli məlumat verib.
Onun sözlərinə görə, qardaşlarının ölüm səbəbini dəqiqləşdirmək üçün Rusiyada təkrar müstəqil ekspertiza aparılmasını istəyib:
"Bir az əvvəl Azərbaycanın Rusiyadakı baş konsulluğu ilə danışdım. Bu işlərlə onlar məşğuldurlar. Cənazələr təhvil verilib. Biz düşündük ki, orada təkrar müstəqil ekspertiza təşkil etmək prosesi yubada bilər. Üstəlik, Rusiya tərəfi hadisədən xəbərdardır və yenə işi öz istədikləri kimi apara bilərlər. Qardaşlarımın ölüm səbəbinin ürəktutmadan olduğunu deyirlər. Özlərinə əziyyət verib, ciddi bir bəhanə, səbəb də uydura bilməyiblər. Proses yubansa, cənazələrin axşam reysi ilə Bakıya göndərilməsi mümkün olmayacaq. Ona görə də qərara gəldik ki, cənazələr elə o qondarma rəylə Bakıya gəlsin".
Seyfəddin Hüseynli onu da əlavə etdi ki, Bakıda meyitlərin təkrar ekspertizası təşkil ediləcək.