Cümşüd Cümşüdlünün ölümünə səbəb olan kanal bu qurumun balansındadır, cinayət işi başlandı
Bakının Nəriman Nərimanov rayonu, "Baksol yolu" adlanan ərazidə yer səthinin çökməsi nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub.
Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam etdirilir.