Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
Bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyev yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.
Məlumata görə, uzun illər Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində yüksək vəzifələrdə işləmiş Ramiz Vəliyev barəsində DTX-nin istintaq idarəsi tərəfindən aparılan araşdırmalar zamanı onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı şübhələr ortaya çıxıb.
"AzPolitika" xəbər verir ki, araşdırmalar zamanı həmçinin onun diplomatik statusundan və malik olduğu informasiyalardan istifadə edərək, fəaliyyət dairəsinə daxil olmayan gizli fəaliyyətlərlə də məşğul olduğuna dair əsaslı ehtimallar formalaşıb.
Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi iyulun 3-də, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi – vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (ağır nəticələrə səbəb olduqda) üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, Ramiz Vəliyevin hazırda həbsdə olan vəkil Adəm Məmmədovun əmisi olduğu bildirilir.