Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
Kosova parlamentində 15 apreldə başlayan və sədrin seçilə bilməməsi səbəbilə iki gündə bir davam edən ümumi iclas bu gün də keçirilib.
Qaynarinfo xəbər verir ki, 41-ci dəfə keçirilən iclas müvəqqəti komissiyanın yaradılması ilə bağlı səsvermə ilə başlayıb. Bu komissiya səsvermə yolu ilə parlament sədrini seçməli idi. Lakin partiyaların əksəriyyəti bu komissiyaya öz deputatlarını namizəd göstərməkdən imtina edib. Komissiyanın yaradılması ilə bağlı səsvermədən nəticə çıxmadığından müvəqqəti parlament sədri iclası 6 iyul şənbə gününə təxirə salıb.
Digər tərəfdən, kosovalı hüquq müdafiəçisi Arianit Koçi razılığa gələ bilməyən siyasətçilərə etiraz olaraq parlament binasının qarşısına 4 eşşək gətirib. Koçi eşşəklərin "inadkarlığı və dikbaşlığı" təmsil etdiyini vurğulayaraq bildirib: "41 dəfə toplanıb bir sədr belə seçə bilməməkdən daha betər nə ola bilər? Heç nə. Rəsmi olaraq pullarımızı havaya sovururlar".

Koçi həmçinin qeyd edib ki, eşşəkləri İstoq şəhərindən ölkənin paytaxtı Priştinadakı parlament binasının önünə qədər gətirdiyi üçün heyvanlardan üzr istəyir. Polis əməkdaşları onun eşşəkləri millət vəkillərinin giriş qapısına yaxınlaşdırmasına icazə verməyib.
15 apreldə başlayan parlament iclası, sədrin seçilə bilməməsi səbəbilə qaydalara uyğun olaraq hər iki gündən bir davam edir. 9 fevral seçkilərində birinci yerə çıxan baş nazir Albin Kurtinin rəhbərlik etdiyi Vetëvendosje Hərəkatı (Özün Qərar Ver) parlament sədri vəzifəsinə Albulena Haxiunun namizədliyini irəli sürür. Lakin Haxiu digər siyasi partiyaların dəstəyinə malik deyil.
Digər partiyalar "Vetëvendosje" namizəd dəyişikliyi edəcəyi təqdirdə dəstək məsələsinə yenidən baxa biləcəklərini bildiriblər, lakin hərəkat namizədində israr edir.
Vetëvendosje son olaraq Haxiu sədr seçilmədiyi təqdirdə 12 oktyabrda keçiriləcək bələdiyyə seçkiləri ilə birlikdə növbədənkənar parlament seçkilərinin də keçirilməsini dəstəkləyəcəyini açıqlayıb. Kosova Konstitusiya Məhkəməsi isə 26 iyun tarixli qərarında bildirib ki, 15 apreldə başlayıb hələ də davam edən iclaslar konstitusiyaya uyğun deyil və deputatlar 30 gün ərzində parlament sədrini və onun müavinlərini seçməlidirlər.