SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
Sevgini vərdiş halını almış münasibətdən necə ayırmaq olar? - 3 aydın əlamət
Amerikalı psixoloq Mark Trevers insanın sevgidə olub-olmadığını, yoxsa sadəcə tərəfdaşına emosional bağlılıq hiss etdiyini ayırd etməyin vacibliyini vurğulayıb. Onun fikrincə, bu fərq münasibətlərin gələcəyini təyin edə bilər.
Qaynarinfo xəbər verir ki, psixoloq bu barədə "Forbes" üçün yazdığı məqaləsində yazıb.
"Çox cütlüklər müəyyən bir məqama çatır: vərdiş yaxınlıqla qarışdırılır, halbuki əsl hisslər artıq tədricən sönüb. İnsanlar münasibətdə qalır, çünki ayrılmaq qərarı daha çətin və ağrılı görünür", deyə o, bildirib.
Treversin fikrincə, sevgi ilə sadəcə vərdişə çevrilmiş münasibəti ayırmaq üçün aşağıdakı 3 əsas əlamətə diqqət etmək lazımdır:
1. Sevgidə tərəfdaşı seçirsən, bağlılıqda isə sadəcə getmirsən
Əgər siz sevirsinizsə, bu o deməkdir ki, tərəfdaşınızın xasiyyətini, dəyişimini və onunla keçirdiyiniz vaxtı dəyərli sayırsınız. Onu düşünülmüş və səmimi şəkildə seçirsiniz.
Lakin bağlılıq əsasən qorxuya əsaslanır: tənhalıq, qeyri-müəyyənlik və ya emosional ağrıdan qaçmaq üçün münasibətdə qalmaq. Yəni getmirsiniz – çünki qalmaq daha asandır.
2. Sevgi heyranlıqla qidalanır, bağlılıq isə ortaq keçmişlə
Əsl sevgi "bal ayı" mərhələsindən sonra da davam edə bilər. O, daxili məmnunluq, rifah və özünə hörmətlə əlaqəlidir. Bağlılıq isə çox zaman sadəcə vərdişlə, keçmişə bağlılıqla və dəyişiklik qorxusu ilə izah olunur. Təşvişli bağlılıq yaşayan insanlar, xoşbəxt olmadıqları münasibətdə belə qalmağa meyillidirlər.
3. Sevgidə tərəfdaş üçün darıxırsan, bağlılıqda keçmiş üçün
Sevgidə insan qarşısındakı şəxs üçün darıxır – onun bugünkü versiyası, düşüncələri və hərəkətləri üçün. Onun necə dəyişdiyinə sevinirsiniz.
Bağlılıqda isə insanlar çox zaman keçmişin nostaljisi üçün darıxır: "necə idi” sualına qapılır və real vəziyyətlə deyil, xatirələrlə yaşayırlar.
Xatırladaq ki, daha əvvəl bir psixoloq ilk görüşdə uğursuzluğun qarşısını almağın yolları barədə də məsləhətlər vermişdi.