Dərc edilib: 08-07-2025

https://www.nuh.az/42242-.html

Putinin Bakıya göndərdiyi general Kəmaləddin Heydərovla görüşdü

08.07.2025 14:04:53

LIVE

Bakıda Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) 58-ci icraiyyə şurasının iclası başlayıb.

Bu barədə Musavat.com Rusiya FHN-in mətbuat xidmətinə istinadla xəbər verir.

Mətbuat xidmətindən bildirilib ki, iclas iki gün davam edəcək və onun gündəliyində BMÜT-ün yeni baş katibinin seçilməsi də var. Həmçinin Rusiyanın təşkilatdakı ikiillik sədrliyi başa çatır və Rusiya Federasiyası növbəti dövr üçün də bu vəzifəyə hazır olduğunu bəyan edib.

Kəmaləddin Heydərov bildirib ki, son illər Bakı fövqəladə hallara çevik və effektiv reaksiya mexanizmlərinin qurulması, təcrübə mübadiləsi, kadr hazırlığı və müasir yanaşmaların tətbiqi ilə bağlı mühüm təşəbbüslər irəli sürüb: “Bu qərarlar Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə və qlobal təhlükəsizliyə töhfə verməyə yönəlmiş daha geniş siyasətin tərkib hissəsidir”, - deyə K. Heydərov vurğulayıb.

İclas çərçivəsində BMÜT-ə üzv ölkələrin ehtiyacı olan dövlətlərə humanitar yardım üzrə layihə fəaliyyəti də müzakirə olunacaq.

“Açıq, vahid və qarşılıqlı hörmət prinsiplərinə əməl etmək, həmçinin BMÜT-də ən fəal üzv ölkələrin təşəbbüslərini dəstəkləmək lazımdır ki, təşkilatın fəaliyyətində mövcud məsələlər uğurla həll olunsun və bütün üzv ölkələrin xeyrinə işləsin”, - A. Kurenkov deyib.

Rusiya FHN-dən bildirilib ki, BMÜT-ün 58-ci icraiyyə şurasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq mülki müdafiə sahəsində artan rolunu və ona göstərilən yüksək etimadı bir daha nümayiş etdirir. Tədbir həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə, tərəfdaş ölkələrlə dialoqun genişlənməsinə və fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə qabaqcıl təcrübələrin paylaşılmasına xidmət edir.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib