Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsində vətəndaşları qəbul edib
Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında qəsəbədə yaşayan sakinlərlə görüş keçirib.
Qəbul zamanı Nardaran sakinləri tərəfindən bir sıra sosial məsələlər qaldırılıb. Müraciətlər əsasən işsizlik probleminin aradan qaldırılması, tibbi və sosial xidmətlərin keyfiyyətinin artırılması və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.
Qaldırılan məsələlər deputat tərəfindən qeydə alınıb və aidiyyəti üzrə baxılması üçün müvafiq dövlət qurumlarına yönləndiriləcəkdir. Deputat vətəndaşlara bildirib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri addımlar atılacaq.
Həmçinin görüş zamanı sakinlərə qaldırılan məsələlərin icrası barədə mütəmadi olaraq məlumat veriləcəyi, aidiyyəti qurumlarla sıx koordinasiyanın davam etdiriləcəyi vurğulanıb.
Deputat Azər Allahverənov Nardaran sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu sahədə vətəndaşlar tərəfindən qaldırılan məsələlər aidiyyəti üzrə nəzərdən keçirilir və müvafiq dövlət qurumları tərəfindən icra olunan ardıcıl fəaliyyətlər zamanı həllini tapır.


