İntihar etmiş rusiyalı NAZİR VİDA MESAJI-nda NƏ YAZIB ?
Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt intihar etməzdən əvvəl nazirliyin iş çatında vida mesajı qoyub.
Oxu.Az xəbər verir ki, bunu "Kommersant" nəşrinə keçmiş nazirlə vida mərasiminin iştirakçılarından biri deyib.
İyulun 7-də Starovoyt müavinləri ilə əməliyyat müşavirəsi keçirib və bundan sonra işdən azad olunduğunu öyrənib. Tədbir iştirakçısının dediyinə görə, həmkarları əvvəlcə bunun vida olduğunu başa düşməyiblər.
Onun istefası ilə bağlı fərman elan edildikdən sonra Starovoyt müavinlərindən biri ilə vəziyyəti müzakirə edib, o qeyd edib ki, fərmanın mətnində "dəhşətli heç nə yoxdur" və "gələcək var".
Mənbənin sözlərinə görə, sabiq nazir daha sonra müavinləri ilə ümumi çatda ölkə üçün faydalı iş gördüyünü yazıb və sonda əlavə edib: "Vətənə şərəfimlə xidmət etmişəm".
Həmin gün Moskva vilayətinin Odintsovo şəhərindəki parkın yaxınlığında Starovoytun cəsədi tapılıb.