Dərc edilib: 11-07-2025

https://www.nuh.az/42278-.html

Rusiya işğal olunmuş Ukrayna ərazisindən 4 MİLYON TON TAXIL OĞURLAYIB...

11.07.2025 13:39:06

LIVE

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq, Rusiya hökuməti sədrinin müavini Dmitri Patruşevin Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən kütləvi miqdarda taxıl oğurlanmasını təşkil etdiyini sübut edən materiallar toplayıb.
Qaynarinfo xəbər verir ki, SBU-nun Teleqram kanalında yayılan məlumatda bildirildiyinə görə, işğalın ilk günlərindən etibarən rusiyalı məmurun koordinasiyası ilə işğalçılar 4 milyon tondan çox Ukrayna taxılını Rusiyaya aparıblar. Bu məhsulun ümumi dəyəri 23 milyard qrivnadan çoxdur.
İstintaq müəyyən edib ki, bu, işğalçılar tərəfindən Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində müvəqqəti zəbt edilmiş ərazilərdəki aqrar müəssisələrin sistemli talan edilməsidir.
Qeyd olunur ki, oğurlanmış kənd təsərrüfatı məhsulları sonradan Rusiyaya məxsus "kölgə donanması” vasitəsilə Yaxın Şərq və Şimali Afrika ölkələrinə "Rusiya məhsulu” adı altında satılıb.
SBU xatırladır ki, Dmitri Patruşev Kremldə "kölgə kardinalı” kimi tanınan, uzun illər FSB-yə, daha sonra isə Rusiya Təhlükəsizlik Şurasına rəhbərlik etmiş, hazırda isə Putinin köməkçisi olan Nikolay Patruşevin oğludur.
"Mövcud məlumatlara görə, məhz Patruşev – böyük oğlu Dmitrinin əvvəlcə Rusiya kənd təsərrüfatı naziri, daha sonra isə hökumət sədrinin müavini təyin olunmasını lobbiçiliklə təmin edib. Ukrayna taxılının oğurlanmasını təşkil etmək üçün Dmitri Patruşev ölkənin aqrar siyasəti üzrə nazir kimi ona verilmiş səlahiyyətlərdən istifadə edib”, – deyə məlumatda bildirilir.
Toplanmış sübutlar əsasında Təhlükəsizlik Xidmətinin istintaqçıları ona qarşı Ukrayna Cinayət Məcəlləsinin 28-ci maddəsinin 2-ci hissəsi və 438-ci maddəsinin 1-ci hissəsi ilə (əvvəlcədən razılaşdırılmış qrup tərəfindən törədilmiş hərbi cinayətlər) qiyabi şəkildə ittiham irəli sürüblər.
Məlumatda qeyd edilir ki, təqsirləndirilən şəxs işğalçı ölkənin ərazisində olduğu üçün, onun məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.
UNİAN-ın məlumatına görə, bir neçə gün əvvəl SBU-nun əks-kəşfiyyatı Kiyevdə Çin Xalq Respublikasının iki vətəndaşını saxlayıb. Onlar Ukraynanın RK-360MC "Neptun” raket kompleksi ilə bağlı gizli sənədləri qanunsuz şəkildə Çinə çıxarmağa çalışıblar.
Bundan əlavə, SBU və Baş Prokurorluq yaxın günlərdə gömrük idarələrində genişmiqyaslı axtarışlar həyata keçirib. Bu tədbirlərin əsas məqsədlərindən biri silah və narkotik qaçaqmalçılığına qarşı mübarizə olub. Ancaq bununla iş bitmir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib