Ukrayna hərbi kəşfiyyatı Sibirdə QAZ kəmərini PARTLATDI ...
Partlayışın vurduğu ziyan ən azı 1,3 milyon dollardır...
Rusiya Federasiyasının Sibirdə yerləşən Xantı-Mansiysk Muxtar Dairəsində Rusiyanın üç regionunda hərbi istehsal obyektlərini təmin edən magistral qaz kəmərinin bir hissəsi partladılıb.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "Bloomberg" Ukrayna hərbi kəşfiyyatının məlumatlı rəsmisinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, gücü ildə 2,6 milyard kubmetr olan qaz kəməri iyulun 10-u cümə axşamı axşam saatlarında xüsusi əməliyyat çərçivəsində partladılıb.
"Bloomberg" bu hesabatı müstəqil şəkildə yoxlaya bilməyib. Rusiya qaz kəmərləri şəbəkəsinə sahib olan və onu idarə edən "Qazprom" şərh sorğularına cavab verməyib.
"Boru kəməri Rusiyanın Orenburq, Çelyabinsk və Sverdlovsk vilayətlərindəki hərbi istehsal müəssisələrini təbii qazla təmin edir", - deyə məlumat ictimaiyyətə açıqlanmadığı üçün adının çəkilməsini istəməyən mənbə bildirib. Bütün bu bölgələr Xantı-Mansiysk bölgəsindən minlərlə kilometr aralıda yerləşir.
Baş Kəşfiyyat İdarəsindəki mənbənin məlumatına görə, Langepas şəhərində qaz kəməri infrastrukturu obyektində güclü partlayış və yanğın baş verib. Hadisə yerinə polis və təmir briqadaları gəlib.
Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, kompressor stansiyalarını 20 km məsafədə birləşdirən iki zədələnmiş boruda 4,1 milyon kubmetrdən çox qaz olub. Hazırda qazın 1000 kubmetri üçün 350 dollar qiymətinə əsaslansaq, partlayış nəticəsində dəymiş ziyan ən azı 1,3 milyon dollar təşkil edir.
Baş Kəşfiyyat İdarəsindəki mənbə onu da izah edib ki, qaz kəmərinin bərpası və sınaqdan keçirilməsi təxminən bir aya yaxın vaxt apara bilər, çünki zədələnmiş borular bataqlıq ərazidə yerləşdiyindən təmir briqadalarının işi çətinləşir.
Bunun nəticəsi qaz tədarükünün həcminin "25 milyon kubmetrə qədər" azalması və demək olar ki, dolayısı ilə 76 milyon dollar maliyyə itkiləri olacaq.
Xatırladılır ki, bir müdddət əvvəl Ukrayna hərbi kəşfiyyatındakı mənbələr dronların Rusiya Federasiyasının hərbi-sənaye kompleksinə daxil olan İlski neft emalı zavodunun texnoloji sexlərindən birini vurması barədə məlumat vermişdi.