Dərc edilib: 12-07-2025

https://www.nuh.az/42295-.html

Ərdoğandan PKK-nın tərk-silah olması ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

12.07.2025 15:49:52

LIVE

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın tərksilah qərarı ilə bağlı ilk dəfə danışıb.

Musavat.com xəbər verir ki, o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) son toplantısında çıxışı zamanı bu məsələni xüsusi vurğulayıb.

“Dünən PKK aldığı qərarı icra edərək silahı yerə qoydu. Bu, illərdir mübarizə apardığımız bir problemin həllində əhəmiyyətli dönüş nöqtəsidir. Biz bu yolun başından bəri “Terrorsuz Türkiyə” idealı ilə yola çıxdıq və bu yolda canımızı ortaya qoyduq. Türkiyənin xeyrinə olmayan heç bir addımda iştirak etmədik, əksinə, ölkəmizin rifahı naminə hər çətinliyə sinə gərdik”, – deyə Ərdoğan bildirib.

Prezident əlavə edib ki, ölkədə sülh və birlik üçün görülən bütün işlərdə bundan sonra da ən öndə olacaqlar:

“Biz nə etdiyimizi çox yaxşı bilirik. Heç kim narahat olmasın – atdığımız hər addım, verdiyimiz hər qərar Türkiyə və millətimiz üçündür. Terrorun kökü kəsiləcək, buna hər kəs şahid olacaq. Bu prosesin sonunda qazanan yalnız dövlət deyil – hər bir vətəndaşımız, hər bir ailə, bütün cəmiyyətimizdir”.

Ərdoğan çıxışında terrorun əsl məqsədinin türk və kürd xalqları arasında ayrılıq toxumu səpmək olduğunu da qeyd edib:

“Bu torpaqlarda min illərdir birlikdə yaşayan türk və kürd qardaşlığına qarşı ən böyük hücum, məhz terrorla edildi. Amma bu gün artıq türk ilə kürd qucaqlaşır. Biz silahların deyil, sözlərin danışdığı bir mərhələyə keçirik. Bütün problemləri oturub birlikdə, sülh yolu ilə müzakirə edəcəyik”.

Qeyd edək ki, “Terrorsuz Türkiyə” siyasi təşəbbüsü çərçivəsində ötən gün, 47 ildən sonra PKK-nın bir qrup üzvü İraqın Süleymaniyyə bölgəsində silahlarını könüllü şəkildə təhvil verib. Bu prosesin simvolik mənası kimi, silahlar böyük bir metal qazanda yandırılıb. Bu, regionda sülh üçün atılan ilk real addımlardan biri kimi qiymətləndirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib