Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi
Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümayiş etdirir.
Bu barədə III Şuşa Qlobal Media Forumu çərçivəsində "Report"un müxbirinə tanınmış litvalı hərbi jurnalisti Riçardas Lapaitis bildirib.
Onun sözlərinə görə, bu keyfiyyətlər xüsusilə Prezident İlham Əliyevin forum iştirakçıları ilə dünən keçirilən görüşü zamanı parlaq şəkildə özünü göstərib. Lapaitis qeyd edib ki, Azərbaycan dövlət başçısının möhkəm siyasi iradəsini, strateji düşüncəsini və beynəlxalq ictimaiyyətlə birbaşa və səmimi dialoqa açıq olduğunu göstərib.
"Görüşün keçmişdə bir çox faciəvi hadisələr yaşamış Xankəndi şəhərində keçirilməsi xüsusilə rəmzi məna daşıyır. Bu, özlüyündə artıq dünyaya bir mesajdır. Mən Prezidentin çıxışından dərin təsirləndim. Belə şeyi nadir hallarda görmək olar. Bunu tam məsuliyyətlə deyirəm: Zalda səslənən suallar çox açıq idi. Zalda 52 ölkənin nümayəndəsi və hər birinin öz maraqları, baxışları vardı", - deyə o bildirib.
Lapaitis vurğulayıb ki, Prezident İlham Əliyev bütün çətin suallara qətiyyətlə cavab verib.
"Azərbaycan Prezidentinin qarşısında seçim var idi: ya diplomatik ifadələrə və qeyri-müəyyən cavablara üz tutmaq, ya da açıq, dürüst, ədalətli cavab vermək. Dünən gördüyüm, həqiqətən də, mahiyyətdən qaçmaq cəhdi olmadan birbaşa, səmimi cavablar idi. Mən beynəlxalq forumlarda açıqlığın belə səviyyəsi ilə heç vaxt rastlaşmamışdım", - deyə jurnalist söyləyib.