Dərc edilib: 23-07-2025

https://www.nuh.az/42411-.html

İstanbulda keçirilən Rusiya-Ukrayna-Türkiyə görüşü yekunlaşdı

23.07.2025 22:45:53

LIVE

İstanbulun Çırağan sarayında tam heyətlə keçirilən Rusiya-Ukrayna birbaşa danışıqları artıq yekunlaşıb. 

Musavat.com xəbər verir ki,  danışıqlar 40 dəqiqə davam edib və tam şəkildə rus dilində aparılıb. 

Görüş öncəsi Rusiya prezidentinin müşaviri Vladimir Medinski və Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə üçtərəfli formatda görüşüblər. 

Hazırda yüzlərlə jurnalist sarayın qarşısında nəticələr barədə rəsmi açıqlamanı gözləyir.

Qeyd edək ki, bu, danışıqların üçüncü raundu olub və tərəflərin yekun mövqelərini yaxın saatlarda açıqlayacağı gözlənilir.

Rusiya ilə Ukrayna arasında Türkiyənin vasitəçiliyi ilə təşkil olunan bu üçtərəfli görüş, 24 fevral 2022-ci ildən bəri davam edən müharibəyə son qoymaq məqsədi daşıyırdı.

Danışıqların bu raunduna Türkiyənin xarici işlər naziri Hakan Fidan rəhbərlik edib. Görüşdə həmçinin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Baş Qərargah rəisi, ordu generalı Metin Gürak iştirak ediblər.

Rusiya nümayəndə heyətinə prezident Vladimir Putinin müşaviri Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edib. Hər iki tərəfdən danışıqlara xarici işlər nazir müavinləri də qatılıb. 

 

Screenshot_1.png (873 KB)

 

Görüşdə əsas diqqət atəşkəs və sülh memorandumu layihələrinin müzakirəsinə yönəlib. Əvvəlki raundlarda əldə olunan texniki irəliləyişlərin bu dəfə siyasi müstəviyə keçməsi və konkret nəticələrlə tamamlanması üçün intensiv təmaslar aparılıb.

Toplantıdan öncə çıxış edən nazir Hakan Fidan bildirib ki, əsas məqsəd barışa yol açacaq atəşkəsin təmin olunmasıdır. O, vurğulayıb ki, Türkiyə münaqişənin ilk günündən etibarən sülh üçün səylə çalışıb və tərəflər arasında dialoqun davam etməsinə dəstək verməyə hazırdır.

Qeyd edək ki, həm Rusiya, həm də Ukrayna nümayəndə heyətlərinin media qarşısında çıxış edərək ilkin mövqelərini açıqlamaları gözlənilir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib