Azərbaycanda OTBİÇMƏ YARIŞI keçirildi ...))) - Fotolar
Biləsuvar rayonunda kəndlilər arasında ötən ildən etibarən keçirilən “İti dəryaz” otbiçmə yarışı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, qeyri-maddi mədəni irsin qorunması və təbliği məqsədilə keçirilən yarışa ənənəyə uyğun olaraq rayonun kəndlərindən olan komandalar qatılıb.
Yarış Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə salınmış Zəfər Parkında keçirilib. Rayonun müxtəlif kəndlərini təmsil edən 20 komandanın iştirakı ilə keçirilən yarışda hər komandada 2 nəfər olmaqla ümumilikdə 40 nəfər iştirak edib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Yarışdan əvvəl çıxış edən icra başçısı iştirakçılara uğurlar arzulayaraq qeyd edib ki, dəryazla ot biçmək Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri sırasında yer alır və bu ənənə uzun əsrlər boyu formalaşaraq bu günədək gəlib çatıb. O bildirib ki, qədim zamanlarda biçin mövsümündə keçirilən mərasimlər çərçivəsində dəryazçılar arasında yarışlar təşkil olunurdu və bu yarışlar vasitəsilə ən usta şəxslər seçilirdi. Bu gün də xalqımız bu qədim ənənəyə sadiq qalaraq, mövsüm ərzində dəryazla ot biçinlərini davam etdirir.
F. Qürbətov qeyd edib ki, bu cür yarışların təşkili yalnız mədəni irsin qorunması deyil, eyni zamanda əmək bacarıqlarının nümayişi və insanlar arasında həmrəyliyin gücləndirilməsi baxımından da xüsusi önəm daşıyır.
Sonra dəyrazçıların biçin yarışı başlayıb.Yarışın nəticələrinə əsasən birinci yeri Çaylı kəndinin, ikinci yeri Təzəkənd kəndinin, üçüncü yeri isə Dərvişli kəndinin komandası qazanaraq mükafatlandırılıblar.
Yarışda iştirak edən Aşağı Cürəli kənd sakini 66 yaşlı Məmmədov Nəriman Salman oğlu “Ən qocaman dəryazçı”, Səmədabad kənd sakini 23 yaşlı Əhədli Nahid Əlisa oğlu isə “Ən gənc dəryazçı” kimi mükafatlandırılıblar.





