ÇİN və TÜRK dillərində ortaq sözlər - Firuz Mustafa
Bir dəfə müəyyən müddət Türkiyədə və Azərbaycanda çalışmış çinli tanışımın sözarası işlətdiyi bir söz istər-istəməz diqqətimi çəkdi. Bu, “tayfun” sözü idi. Həm də həmin sözü tanışım öz həmsöhbəti ilə çin dilində danışarkən işlətmişdi.
Məni maraq götürdü: görəsən “tayfun” sözü çin dilində hansı məna daşıyır? Tanışımla fikir mübadiləsi apararkən belə məlum oldu ki, “tayfun” sözü bizim hamımızın bildiyimiz kimi, “tufan” mənasındadır.
Amma və lakin... Sən demə bizim “özümüzünkü” hesab etdiyimiz “tayfun”, əslində çin mənşəli sözmüş.
Çin dilində “tay fın” sözü “güclü külək” mənasını daşıyır.
Bəs çin dilinə türk leksemləri hansı yolla keçib?
Unutmaq olmaz ki, çin və uyğur (türk) xalqları əsrlərdir ki, iş-içə yaşamaqdadır. Və bu səbəbdən də çin və türk dillərində ortaq leksemlərın olması təbii haldır. Amma indiki halda söhbət, əsasən, şin dilindəki türk sözlərindən gedir.
Əksər mütəxəssislər etiraf edirlər ki, çin dili türk dillərinə –Şimalda yaşayan xalqların- altay, xakas, tuva, yakut xalqlarının dillərinə çox güclü təsir göstərmişdir. Bu dillərdə ümumtürk dillərindən gələn qədim sözlərlə yanaşı, Çindən birbaşa alınmış çoxsaylı sözlər də vardır. Lakin biz burada yalnız ümumtürk dillərindəki ortaq alınmaları nəzərdən keçirəcəyik.
Gəlin konkret danışaq.
Əvvəlcə məişət əşyalarını bildirən sözlər (bəzən bu əşyalarla birlikdə) alınmışdır:
čan – “qab, stəkan” (rus dilində də bu söz var – “чан”).
çanaq – “qab-qacaq”.
cay – “yer, ev”.
iş ~ is – “iş, əmək”.
ütük ~ ötük – “ütü” (rus dilində də “утюг”).
pay – “pay, hissə” (rus dilində də var).
qap – “kisə”; “qab” mənasında.
tan – “səhər, gün çıxması, şəfəq”. Bizdə: “dan yeri”.
Çin dilindəki ilkin mənbəyə əsaslanan bir çox türk sözləri maddələri və metalların adlarını bildirir. Bunlara daxildir:
altın ~ altun – “qızıl”;
çini – “çini”;
çoyun – “çəkmə dəmir”;
incü ~ inci – “mirvari”;
suğ ~ suw – “su”.