2 ay səsi tutuldu, Həbib Bayramov bunu bilirdi... -İslam Rzayevi kimlər zəhərləmək istəyib?
“Dayım mülayim təbiətli, çox gözəl insan idi. Hamıya əl tutan, kömək edən, hamının qayğısına qalan dəyərli pedaqoq olub. Sovetlər birliyində Zeynəb Xanlarova ilə birlikdə dünyanın 74 ölkəsini gəzib. Mən körpəlikdən onun yanında böyümüşəm, öz övladı kimi mənə münasibət göstərib. Tək mənəm-mənəm deyən sənətçilərdən olmayıb. İstəyib ki, gənclər, tələbələri ondan sonra yolunu davam etdirsinlər. Hər sənətkar bunu istəmir, tələbələrinə qarşı da qısqanclıqla yanaşır. Amma İslam Rzayevdə bu olmayıb”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, mərhum xanəndə İslam Rzayevin bacısı qızı Arzu Şəmiyeva deyib. O daha sonra bir faktın da illər sonra üstünü açıb:
“Dayım o vaxt toylara çox gedirdi. Mərhum tarzən Həbib Bayramov da həmişə onu müşayiət edirdi. Həbib müəllim hiss edib ki, dayımın çayına dərman qatıblar. Dayım o çayı içsəydi ömürlük səsindən olacaqdı. Bu da bir müğənni üçün ölümdən betər idi. Həbib Bayramov dayımın çayını özü içib, öz çayını isə dayıma verib. İslam dayım danışırdı ki, Həbibin 3 ay səsi tutuldu, işə çıxa bilmədi. Sənət aləmində rəqabət o vaxt çox güclü idi” deyə o bildirib.
Arzu Şəmiyeva bildirib ki, dayısı son nəfəsində iki antik qavalını ona hədiyyə edib:
“Şayələr gəzir ki, o vaxt Füzuli alınanda dayımın evi, qavalı, şəxsi əşyaları yanıb. Amma o düzgün fikir deyil. Dayım hələ Füzuli işğal olunmazdan öncə Bakıya gəlib. Onun şəxsi qavalı məndədir. Ad, soyadı da üstündədir. Əlavə də qavalları olub, onu tələbələri Rövşən Əzizə, Eldənizə, Xatirə İslama hədiyyə edib. Xəstələnəndə, axır günlərində mən xəstəxanaya, yanına getmişdim. Dedi ki, sənə bir söz deyəcəm. Ondan əvvəl qavalları gətirib vermişdi mənə. Dedi ki, “məndən sonra bunları qoru”. Kasetlərini, lent yazılarını da mənə verdi. Dedi ki, “vaxt gələcək bunlar sənə lazım olacaq”. Biz çox istərdik ki, Füzulidə dayımın adına mədəniyyət evi yaradılsın və mən də qavalları aparıb ora hədiyyə edim. Ümid edirəm ki, orada dayımın adına küçə də, muzey də yaradılacaq” deyə sənətkarın qohumu bildirib.
