Ağ Evdə Əliyev-Paşinyan görüşü: sülh memorandumu imzalanacaq, yekun saziş təxirə salınır
Avqustun 8-də ABŞ prezidenti Donald Trampın təşkilatçılığı ilə Vaşinqtonda – Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, bu görüş zamanı tərəflər arasında sülh memorandumu imzalanacaq və birgə bəyanat veriləcək.
Bununla belə, yekun “sülh sazişi”nin bu mərhələdə imzalanmayacağı bildirilir. Reuters-in məlumatına görə, bu gecikmə Azərbaycanın irəli sürdüyü əsas şərtlə bağlıdır. Rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına dair müddəaların çıxarılmasını tələb edir.
Bu tələbin həyata keçirilməsi üçün Ermənistanda ümumxalq referendumu keçirilməlidir. Ekspertlərin və beynəlxalq müşahidəçilərin qiymətləndirməsinə görə, bu cür referendumun baş tutması və hüquqi qüvvəyə minməsi ən tezi 2026-cı ildə mümkün olacaq. Bu səbəbdən yekun sülh sazişinin imzalanması prosesi bir qədər sonraya təxirə salınır.
Ağ Evdə imzalanacaq memorandumun tərəflərin gələcək öhdəliklərini, ərazi bütövlüyünün qarşılıqlı tanınmasını və yekun sülh üçün yol xəritəsini əhatə edəcəyi gözlənilir.
ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə reallaşan bu görüş Cənubi Qafqazda davamlı sülhün qurulması istiqamətində mühüm mərhələ hesab olunur.