Pezeşkianın oğlundan Azərbaycanı ittiham edənlərə SƏRT SÖZLƏR
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian bəzi radikal dairələrin Azərbaycanla münasibətləri hədəf alan ittihamlarına münasibət bildirib.
Musavat.com xəbər verir ki, o, bu cür çıxışların əsassız olduğunu və İranın milli maraqlarına zidd hərəkətlərə yol açdığını deyib.
Yusif Pezeşkianın fikrincə, ictimai arenada səsləndirilən hər bir fikir və mövqe məsuliyyətlə ifadə olunmalı, onun mümkün nəticələri əvvəlcədən qiymətləndirilməlidir:
“Atdığımız hər addımın nəticəsi var. Yetkin cəmiyyət o zaman formalaşır ki, insanlar dediklərinə sadəcə inanmaqla kifayətlənməsin, eyni zamanda onun fəsadlarını dərk etsin və cavabdehlik hiss etsin” , – deyə o bəyan edib.
“Azərbaycan İsrailə yardım edib” iddialarına sərt reaksiya
Pezeşkian bəzi ictimai simaların “Azərbaycanın guya müharibədə İsrailə yardım etdiyi” ilə bağlı iddialar irəli sürdüyünü xatırladaraq, bu cür açıqlamaların rəsmi heç bir mənbə tərəfindən təsdiqlənmədiyini vurğulayıb:
“Bu iddiaların arxasında hansı sübutlar dayanır? İranın kəşfiyyat və təhlükəsizlik orqanları tərəfindən belə bir məlumat açıqlanmayıb. Azərbaycanda yaşayan iranlılardan da buna dair heç bir müşahidə və ya hesabat təqdim olunmayıb. Belə məsuliyyətsiz ittihamlar diplomatik münasibətlərə ciddi zərər vurur”.
İran-Azərbaycan münasibətləri üçün üç mümkün ssenari
Yusif Pezeşkian İranın Azərbaycanla gələcək münasibətlərinə dair üç mümkün ssenari irəli sürüb:
Açıq düşmənçilik və münaqişəyə sürüklənmə;
Gərgin, lakin neytral münasibətlər – “nə müharibə, nə sülh” vəziyyəti;
Qonşuluq və əməkdaşlıq şəraitində fikir ayrılıqlarının dialoqla həll olunması.
Onun sözlərinə görə, birinci ssenari nə ölkə rəhbərliyinin mövqeyinə uyğundur, nə də İranın uzunmüddətli maraqlarına xidmət edir:
“Kimsə çıxıb deyirsə ki, Azərbaycan İsrailə müharibədə yardım edib, bu, əslində Azərbaycanın düşmən elan olunması deməkdir. Əgər bir ölkə düşməndirsə, bu, müharibəyə çağırışdır. Ancaq düşünürəm ki, İran cəmiyyətində sağlam düşüncəyə sahib insanlar belə bir gedişi istəməz”.
Pezeşkian ikinci ssenarini də səmərəsiz sayıb və əlavə edib ki, düşmən kimi qəbul edilən ölkənin istənilən addımı – istər beynəlxalq təşkilatlarda, istərsə də iqtisadi müstəvidə – İrana qarşı yönəlmiş təzyiq alətinə çevrilə bilər.
Ən optimal yol: əməkdaşlıq və qarşılıqlı maraqlar
Pezeşkian üçüncü ssenarinin - əməkdaşlıq və ortaq maraqlar əsasında münasibətlərin inkişafının - ən rasional və strateji yanaşma olduğunu qeyd edib:
“Siyasi və ideoloji fərqliliklər təbiidir. Amma bu, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını istisna etmir. İqtisadiyyat, ticarət və təhlükəsizlik sahəsində ortaq nöqtələr üzərində əməkdaşlıq mümkündür və məqsədəuyğundur”.
Sonda o bildirib ki, bəzi şəxslər bu fikirləri yaxşı niyyətlə irəli sürsələr də, fərqində olmadan ölkəyə və İslam dünyasına zərər vurur, nəticədə bu yanaşmalar yalnız İsrailin maraqlarına xidmət edir:
“Gəlin diqqətli olaq və bilmədən başqa güclərin oyununda piyada fiqura çevrilməyək.”