Gəncədə keçiriləcək III MDB Oyunlarına hazırlıq gedir
Gəncə şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq çərçivəsində şəhərin infrastrukturunun yenilənməsi, abadlıq işlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Musavat.com xəbər verir ki, bu kontekstdə, şəhərin ekoloji tarazlığının qorunması və yaşıllıq sahələrinin sağlamlaşdırılması da əsas prioritetlərdən biri kimi müəyyən edilib və müvafiq işlər mərhələli şəkildə icra olunur.
Şəhərin küçə, prospekt və parklarında yerləşən yaşıllıq sahələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə genişmiqyaslı inventarizasiya işləri aparılıb. Bu tədbirin əsas məqsədi şəhər mühitində yaşıllıqların sağlamlaşdırılması və əhalinin sağlam yaşayış mühitinin təmin edilməsidir.
Aparılmış monitorinq və təhlillər nəticəsində köküstə quru, gövdəsi çürümüş, bioloji inkişafını tam itirmiş və qəzalı vəziyyətdə olan çoxsaylı ağaclar müəyyən olunub. Bu cür ağaclar həm estetik baxımdan ümumi mənzərəyə mənfi təsir göstərir, həm də potensial təhlükə mənbəyi (aşma riski, yanğın riski, zərərli orqanizmlərin mənbəyi) kimi çıxış edir.
Əvəzlənmə prosesi qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.
Belə ki, müəyyən edilmiş 500-dən çox qəzalı ağacın Nazirlər Kabinetinin təsdiq etdiyi “Yaşıllıqların götürülməsi Qaydası”na əsasən qanuni prosedurlar çərçivəsində götürülməsi və əvəzlənməsi zərurəti yaranıb. Qeyd olunan proses yalnız aidiyyəti qurumların rəsmi rəy və icazələri əsasında, şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanaraq həyata keçirilir.
Yeni yaşıllıq zolaqlarının salınması və aqrotexniki qulluq tədbirləri
Götürülən hər bir ağacın yerində iqlim və torpaq şəraitinə uyğun ağac növləri ilə əvəzlənmə təmin olunacaq. Yeni əkilən yaşıllıqların sağlam inkişafı üçün mütəmadi olaraq zəruri aqrotexniki qulluq tədbirləri görüləcək.
Seçiləcək ağac növləri həm ekoloji davamlılıq baxımından sınaqdan keçmiş, həm də şəhərsalma baxımından estetik dəyərləri ilə seçilən növlər olacaq. Bu yanaşma yaşıllıqların yalnız miqdarını deyil, keyfiyyətini və bioloji sağlamlığını da ön planda tutur.
Əsas məqsəd – sağlam və davamlı ekoloji mühitin qorunmasıdır.
Görülən işlər yalnız texniki bir proses deyil, daha geniş kontekstdə şəhər mühitinin sağlamlaşdırılması, yaşıl infrastrukturun dayanıqlılığının təmin olunması və ekoloji risklərin minimuma endirilməsi məqsədi daşıyır.
Şəhərin estetik görünüşünün qorunması, bioloji müxtəlifliyin dəstəklənməsi və iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirləri baxımından bu cür planlı işlər vacib əhəmiyyət daşıyır
Maarifləndirmə və ictimaiyyətlə açıq kommunikasiya ön plandadır.
İctimaiyyətin məlumatlandırılması və bu prosesə cəlb olunması üçün maarifləndirmə işləri aparılır və müvafiq məlumatlar mütəmadi olaraq paylaşılır. İctimai nəzarətin təşviqi, açıq və şəffaf kommunikasiya ön plandadır.
Bu təşəbbüs həm də gələcək nəsillərə daha yaşıl, sağlam və balanslı bir şəhər mühiti ötürmək məqsədi daşıyan strateji yanaşmadır.