Dərc edilib: 15-08-2025

https://www.nuh.az/42656-.html

10 kilometrdən ( 10160 metr) DÜŞÜB SAĞ QALAN stüardessa - Sirrlə dolu...

15.08.2025 12:35:54

Reportaj

 

1972-ci ildə Yuqoslaviya hava yollarına məxsus 367 saylı reysin Kopenhagen–Zaqreb marşrutunda baş verən faciəvi hadisə hava nəqliyyatı tarixində ən qəribə xilas hekayələrindən biri kimi yadda qalıb. 
Qaynarinfo xəbər verir ki, 22 yaşlı bələdçi Vesna Vuloviç 10 160 metr yüksəklikdə havada baş verən partlayışdan sonra sağ qalan yeganə şəxs olub və Ginnessin Rekordlar Kitabına paraşütsüz ən uzun düşüşdən salamat çıxan insan kimi düşü.
25 yanvar 1972-ci ildə saat 15:15-də Kopenhagendən havaya qalxan təyyarə 16:01-də Çexoslovakiyanın Srbska Kamenice kəndi üzərində güclü partlayışla iki yerə bölünüb. Rəsmi istintaqa görə, partlayış saat mexanizmi ilə qurulmuş çamadan tipli bombanın işə düşməsi nəticəsində baş verib. Səlahiyyətlilər bombanın Yuqoslaviya hökumətinə qarşı hücum məqsədilə xorvat millətçiləri tərəfindən yerləşdirildiyini bildiriblər.
 
İllər sonra iki araşdırmaçı jurnalist, fərqli bir nəzəriyyə irəli sürüb: onların iddiasına görə, təyyarə əslində düşmən hərbi təyyarəsi zənn edilərək Çexoslovakiya Hərbi Hava Qüvvələri tərəfindən səhvən vurulub və hadisə yüksəkdə deyil, daha alçaq hündürlükdə baş verib. Bu iddia rəsmi şəkildə təsdiqlənməsə də, partlayış versiyasına alternativ kimi müzakirə olunub.
Hadisədə 27 nəfər həyatını itirib. Vesna Vuloviçi II Dünya Müharibəsində tibb bacısı olmuş kənd sakini Bruno Honke xilas edib. O, təyyarənin gövdəsinə sıxışmış vəziyyətdə tapılıb - kəllə sümüyü qırılıb, onurğası ağır zədələnib, ayaqları və çanaq sümükləri sınıb. Bir il beldən aşağı iflic vəziyyətdə qaldıqdan sonra uzunmüddətli reabilitasiya ilə yenidən gəzə bilib, lakin ömrünün sonuna qədər yüngül axsama ilə yaşayıb.
Mütəxəssislərə görə, Vuloviçin yemək servis arabasının yanında sıxışmış vəziyyətdə olması və təyyarə qalıqlarının qarla örtülü, ağaclıq yamaca düşməsi zərbənin təsirini azaltmış ola bilər. Bununla belə, hadisənin dəqiq detallarına dair suallar hələ də açıq qalır.
Yuqoslaviyada qəhrəman kimi tanınsa da, Vesna diqqətdən uzaq, sadə həyat sürməyi seçib. O, Belqradda pişikləri ilə birlikdə yaşayıb, nadir hallarda müsahibə verib və tez-tez sağ qalmağın gətirdiyi psixoloji yükdən danışıb.
2008-ci ildə "New York Times"a verdiyi müsahibədə "Bir pişik kimiyəm, doqquz canım var” desə də, 2012-ci ildə "The Independent"a "Bəzən kaş ki sağ qalmasaydım” sözlərini deyərək, keçmişin ağırlığını etiraf etmişdi.
Vesna Vuloviç 23 dekabr 2016-cı ildə, 66 yaşında vəfat edib. Ölüm səbəbi açıqlanmayıb. Onun həyatı həm bədən, həm də ruh laraq böyük bir travmanın izlərini daşıyıb. Hadisənin gerçək səbəbi və onun necə sağ qaldığı barədə mübahisələr isə bu gün də davam edir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib