Dərc edilib: 16-08-2025

https://www.nuh.az/42666-.html

Avropanın tərk edilmiş ən qorxulu 4 kəndi (FOTO)

16.08.2025 10:29:24

LIVE

Avropada elə kəndlər var ki, onlar qorxu filmlərinin dekorasiyasını xatırladır və sanki zaman içində donub qalıb. 

Qaynarinfo xəbər verir ki, "Express” nəşri az tanınan, lakin ziyarət etməyə dəyər dörd belə məkanı təqdim edib.
Krakko, İtaliya
E.ə. VI əsrdə yunan köçkünləri tərəfindən salınan Krakko sonradan möhkəmləndirilmiş orta əsr yaşayış məntəqəsinə çevrilib. 1963-cü ildə qeyri-sabit infrastruktur səbəbindən baş verən sürüşmələr, 1972-ci ildə daşqınlar və 1980-ci ildə zəlzələ nəticəsində kənd tənəzzülə uğrayıb. Sonralar qismən məskunlaşsa da, tamamilə tərk edilib. Kilsələr, qüllələr və evlər bu gün də qalır və həm turistləri, həm də kino çəkilişlərini cəlb edir. Krakko yalnız bələdçi ilə ekskursiya zamanı ziyarət oluna bilər.
Xumats, Xorvatiya
Xvar adasında yerləşən Xumats kəndi mövsümi yaşayış yeri olub, burada əsasən əkinçilik və maldarlıqla məşğul olublar. XX əsrdə əhali tədricən yaxın şəhərlərə köçüb. Təbii mühit içində qorunub qalmış daş evlər, ibadətgah və içki istehsal yeri diqqət çəkir. Kənddə bələdçi ilə gəzinti və kiçik muzey ziyarəti mümkündür. Sakit və mənzərəli olan Xumats unudulmuşdan çox, dondurulmuş təəssüratı yaradır.
Taynham, İngiltərə
Dorset qraflığında yerləşən Taynham 1943-cü ilə qədər 225 nəfərlik kiçik ingilis kəndi olub. İkinci Dünya müharibəsi zamanı ordu ərazini təlim məqsədilə ələ keçirərək sakinləri köçürüb və onların geri dönəcəyinə söz verib, lakin bu, baş verməyib. Məktəb, kilsə və evlər dağıntılar içində hələ də qalır. Bu gün Taynham açıq hava muzeyi kimi ziyarətçilərə həmin dövr kənd həyatını görmək imkanı yaradır.
Sfendili, Yunanıstan
XVI əsrdə Krit adasında mövcud olmuş Sfendili kəndi Aposelmis bəndinin tikintisi səbəbindən qismən su altında qalıb. Sakinlər 2000-ci illərin əvvəllərində köçürülüb. Su səviyyəsi düşəndə kəndin xarabalıqları üzə çıxır və bu səbəbdən ona "Krit Atlantidası” deyilir. Yarı suya qərq olmuş binalar turistlər üçün qəribə və bir qədər qorxulu mənzərə yaradır.
Aydın

NUH informasiya agentliyi səhifəsindən çap edilib