Çin və Hindistan RAZILIĞA GƏLDİ
Çin və Hindistan müştərək sərhədin delimitasiyası üzrə danışıqlara başlamaq istiqamətində konsensus əldə edib.
Musavat.com xəbər verir ki, məlumatı Çin Xarici İşlər Nazirliyi yayıb.
Avqustun 19-da Hindistanın Baş naziri Narendra Modi ilə Yeni Dehlidə görüşən Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, tərəflər “müntəzəm monitorinq, sərhədyanı ərazilərdə sülh və əmin-amanlığın qorunması, həssas məsələlərin həlli və bunun üçün şərait olan ərazilərdə sərhədlərin delimitasiyası üzrə danışıqlara başlamaqla bağlı məsələlərdə yeni konsensusa” nail olublar.
Tərəflər həmçinin bütün sahələrdə dialoqun bərpası barədə razılığa gəliblər. Vanq Yinin sözlərinə görə, Çin və Hindistan qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi, çoxtərəfli yanaşmaya riayət etməyi, "qlobal çağırışlara birgə cavab verməyi və birtərəfli təzyiqlərə müqavimət göstərməyi" planlaşdırır.
Qeyd edək ki, Çin və Hindistan Himalay dağlarında sərhədləri demarkasiya etməyiblər, ölkələr onilliklər ərzində gərginlik mənbəyi olan Faktiki Nəzarət Xətti (LAC) ilə ayrılırlar. Bölgədəki sonuncu böyük qarşıdurma 2020-ci ilin mayında Hindistan və Çin qoşunlarının dağlıq Ladax bölgəsində toqquşması zamanı baş verib. Pekin və Yeni Dehli ora 50 min əsgər, ağır artilleriya, tank və təyyarə toplayıb.
2024-cü ildə Çin və Hindistan Ladaxın şərqindəki Depsang və Demchok bölgələrində qoşunlarını geri çəkiblər. Bu, oktyabrın 23-də Kazanda keçirilən BRİKS sammiti zamanı Çin prezidenti Si Cinpin və Modinin təxminən beş ildən sonra ilk ikitərəfli görüşündən sonra baş verib.