Dərc edilib: 21-08-2025

https://www.nuh.az/42717-.html

Fransanın Bakıya göndərdiyi səfir barədə YENİ detallar

21.08.2025 00:38:36

LIVE

Fransa Azərbaycana yeni səfir təyin edib. Diplomat Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri vəzifəsinə gətirilib.

"Fransaya, maraqlarımıza və həmvətənlərimizə Azərbaycanda səfir kimi xidmət edəcək olmağım mənim üçün böyük şərəfdir", - o, sosial media hesabında bildirib.
Diplomat Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözlədiyini qeyd edib.
Modern.az-ın məlumatına görə, yeni diplomatın son iş yeri Fransanın Xarici İşlər Nazirliyi (XİN) olub.
Laqut Paris Siyasi Araşdırmalar Elmləri İnstitutunda İctimaiyyətlə Əlaqələr üzrə Magistr dərəcəsinə yiyələnib və 2008-ci ildə Fransa Xarici İşlər Nazirliyinə daxil olub. Parisdə Avropa İttifaqı Direktorluğunda məsul işçi kimi fəaliyyətə başlayıb.
2011-ci ildə o, Fransanın Avropa İttifaqı yanında Brüsseldəki Daimi Nümayəndəliyinə qoşulub, burada iqlim və ətraf mühit, daha sonra daxili bazar üzrə danışıqlar aparan şəxs və məsul komandanın koordinatoru təyin edilib. 2015-2017-ci illərdə Fransanın İsraildəki səfirliyində mətbuat departamentinin rəhbəri vəzifəsində çalışıb.
O, 2017-2019-cu illərdə Avropa İşləri Naziri kabineti rəhbərinin müavini və Xarici İşlər Nazirinin Avropa məsələləri üzrə siyasi müşaviri vəzifələrində çalışıb.
Diplomat 4 il Fransanın Monrealda Baş Konsulu olub. Daha sonra isə Xarici İşlər Baş Müfəttişliyində vəzifə icra edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib