Dağıstanda 36 yaşlı azərbaycanlı saxlanılıb – guya Ukraynaya məxfi sənəd aparırmış
Dağıstanda Azərbaycanla sərhəddə Rusiyaya məxsus gizli sənədləri oğurlayan əcnəbi saxlanılıb.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, FTX sənədlərin Ukraynaya göndərilmək üçün nəzərdə tutulduğunu iddia edir.
Yayılan məlumata görə, saxlanılan şəxsin 36 yaşı var və ad-soyadı Rufullayev Yadulla Ramiz oğludur. O, Rusiya-Azərbaycan sərhədi yaxınlığındakı Yaraq-Qazmalar avtomobil keçid məntəqəsində saxlanılıb.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, həmin şəxs “məxfi daşıyıcılardan birinə hücum nəticəsində” əldə etdiyi “rəsmi materialların Rusiya ərazisindən çıxarılması əməliyyatı” həyata keçirirmiş.
Bundan əlavə, qeyd olunur ki, saxlanılan şəxs Ukraynada yaşayan qardaşının göstərişi ilə hərəkət etdiyini etiraf edib. O, Kurqan vilayətində gizləndiyi yerdən sənədləri və mobil telefonunu sonradan Ukraynaya göndərmək məqsədi ilə götürüb.
FTX-dən əlavə edilib ki, faktla bağlı Rusiya Federasiyasının təhlükəsizliyinə bilə-bilə qarşı yönəlmiş fəaliyyətdə düşmənə kömək etmə maddəsi ilə cinayət işi açılıb, bu maddə 15 ilədək həbs cəzasını nəzərdə tutur.
Onu da qeyd edək ki, son iki ayda Rusiya FTX-si Azərbaycandan olan şəxsləri müxtəlif bəhanələrlə saxlayır və onlara qarşı müxtəlif ittihamlar irəli sürür.