Dərc edilib: 31-08-2025

https://www.nuh.az/42829-.html

Çin Gürcüstanı parada niyə dəvət etməyib ?

31.08.2025 21:37:52

LIVE

Çinin strateji tərəfdaşlıq qurduğu Gürcüstan sentyabrın 3-də Pekində keçirilməsi planlaşdırılan hərbi parada dəvət edilməyib.

Musavat.com xəbər verir ki, bu barədə  “Azadlıq” radiosunun Gürcüstan xidməti yazıb. Baş nazir İrakli Kobaxidzenin administrasiyası Tiflisin parada dəvət almadığını təsdiqləyib.Parad Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti ilə üst-üstə düşür. Çinin Sədri Si Cinpinin dəvəti ilə burada Azərbaycan və Ermənistan prezidentləri də daxil olmaqla, Yaxın və Orta Şərq, Mərkəzi Asiya və Qafqaz ölkələrinin dövlət başçıları iştirak edir. İştirakçılar siyahısına Aİ və ABŞ-ın ən yaxın müttəfiqləri daxil deyil.   Aİ ölkələrinin diplomatları Vladimir Putinin paradda iştirakı səbəbindən iştirakdan imtina etməyi üstün tutublar.

 “Gürcüstan Naminə Mühafizəkarlar” partiyasının lideri Giorgi Kardava bildirib ki, böyük ehtimalla rəsmi Tiflis  tədbirdə özü iştirak etmək istəməyib. Kardava  deyib  ki,   Ermənistan və Azərbaycan liderləri paradda  iştirak etmək üçün Pekinə gediblər, Gürcüstan isə kənarda qalıb. “Çinin  Gürcüstana hörmətsizlik göstərmək üçün heç bir əsası yoxdur. Əksinə, Gürcüstan Çinin Yeni İpək Yolu layihəsində mühüm həlqədir və hər iki ölkəni strateji tərəfdaşlıq sazişi bağlayır.  Yeganə səbəb Gürcüstan rəhbərliyinin özünün Çinə getmək istəməməsi ola bilər. Və buna uyğun olaraq, çinlilər rəsmi dəvət göndərməyiblər.   Gürcüstanda liberal müxalifət qışqırmağa başlayacaq ki,   Putin və Kim Çen Inın iştirak etdiyi tədbirə niyə gediblər.  Gürcüstan hökuməti hesab edir ki, onun artıq kifayət qədər problemləri var və qarşıdan bələdiyyə seçkiləri gəlir”, - Kardava bildirib.

 

c0zfxbxzhn4w (1).jpg (60 KB)

 

 Qeyd edək ki, parad İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80-ci ildönümünə həsr olunub və 26 ölkənin liderlərini bir araya gətirəcək. 

70 dəqiqəlik paradda 10 mindən çox əsgər, yüzdən çox təyyarə və yüzlərlə yerüstü texnika iştirak edəcək. CNN-in məlumatına görə, "şou Çinin artan hərbi gücünü nümayiş etdirəcək”.  Paradda Çin istehsalı olan  ən son dronlar, elektron müharibə sistemləri, hipersəs silahları, hava və raket hücumundan müdafiə texnologiyaları və strateji raketlər təqdim olunacaq. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib