Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə 1986-cı il təvəllüdlü Aypara Əsgərova və 1987-ci il təvəllüdlü Firuzə Seyidovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Müttəhimlər kürsüsünü bölüşən hər iki qadın tamah məqsədi ilə qəddar qətldə itttiham olunurlar.
Müttəhimlərin hər birinin 3 övladı var. Onlar bu ilin aprelində yaşadıqları Şərur rayonunun Oğlanqala kəndində 75 yaşlı Zeynəb İsmayılovanın başını əzməklə, sonradan isə boğmaqla qətlə yetirməkdə suçlandırılırlar.
Musavat.com xəbər verir ki, həbsdə olan hər iki qadına qarşı tamah məqsədiylə qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ittiham aktı elan olunub.
Qanlı qətlə gəlincə, hadisə bu il aprelin 19-da baş verib. Şərurun Oğlanqala kəndində sakinlər sonuncu dəfə belə qəddar qətlin nə zaman törədildiyini xatırlamırlar. Həmin gün kənddə 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanın itkin düşməsi xəbəri yayılıb. Bu barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında araşdırmalar başlanıb. Lakin kənddə Zeynəb İsmayılovanın izi-tozu belə tapılmayıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Zeynəb İsmayılova mənzilində tək yaşayıb, imkanları da pis olmayıb. Ona görə də qonum-qonşular ondan tez-tez borc alıblar. Pulqabısı daim boynundan asılı gəzən Zeynəb İsmayılova ondan borc istəyənlərə rahatlıqla borc verirmiş. Pulqabısında 4-5 min manat pul olurmuş. Aypara Əsgərova da bunu bilirmiş. Hadisədən bir neçə gün öncə rəfiqəsi Firuzə Seyidova ilə söhbət edərkən Aypara Əsgərova maddi vəziyyətlərinin çətin olmasından danışıb. 3 min 700 manat borcunun olduğunu deyib. Firuzə Seyidova da maddi durumunun çətinliyindən şikayətlənib.
Söhbət əsnasında Aypara Əsgərova Firuzə Seyidovaya deyib ki, bir müddət əvvəl Zeynəb İsmayılova onlara gəlib. Özündə 8 min manat pul olduğunu, həmin pulu banka qoymaq niyyətində olduğunu deyib. Onun qayınatasından xahiş edib ki, bu işdə ona kömək etsin. Lakin qayınatası bundan imtina edib. Aypara Əsgərova Zeynəb İsmayılovanın vaxtaşırı onlara gələrək paltaryuyan maşından istifadə etdiyini, növbəti gəlişində onun pullarını əlindən alacağını bildirib.
Qəddar plandan xəbərsiz olan Zeynəb İsmayılova aprelin 18-də Aypara Əsgərovanın evinə gəlib, paltarlarını yumaq istədiyini deyib. Aypara Əsgərova isə ona növbəti gün gəlməsini tapşırıb.
Bundan sonra Aypara Əsgərova yaşadığı evdəki alətlər yığılan sandıqdan dəmir lingi və çəkici seçərək paltaryuyan maşının olduğu otaqda gizlədib. Səhəri gün Zeynəb İsmayılova onu gözləyən aqibətdən xəbərsiz Aypara Əsgərovanın mənzilinə gəlib.
Zeynəb İsmayılova paltarlarını maşınına atıb və 1 saatlıq yuma rejiminə qoyub. Paltaryuyan maşının dayanmasına az qalsa da, Aypara Əsgərovanın uşaqları ona qəddar cinayəti törətməyə mane olublar. Buna görə də övladlarını həyətdə topla oynamağa göndərib, daha sonra Firuzə Seyidovanı evinə çağırıb. Zeynəb İsmayılova əyilib paltaryuyan maşından paltarlarını götürərkən arxadan çəkic və linglə başına ardıcıl zərbələr endiriblər. Zavallı qadın aldığı xəsarətlərin təsirindən yerdə xırıldayıb çabalamağa başlayıb. Aypara Əsgərova da evdən qara rəngli yastıq və adyal gətirib, Zeynəb İsmayılovanın ağzına sıxıb, nəfəsini kəsməklə ölümünü tezləşdirib. Bundan sonra Zeynəb İsmayılovanın yaxasına qırmızı lentlə bağladığı torbanı açıb götürüblər.
Həmin vaxt torbanın içində 8 min manat pul, ümumilikdə 3 min manat dəyərində olan 3 dəst qızıl boyunbağı olub. Bundan sonra Zeynəb İsmayılovanın yudurtmaq üçün gətirdiyi paltarları, pul kisəsini, qırmızı lenti və meyitini adyalın içərisinə qoyaraq hamam otağına sürüyüb aparıblar.
Uşaqları meyiti görməsinlər deyə Aypara Əsgərova övladlarını Şərurun Qarxun kəndində yaşayan keçmiş ərinin evinə aparıb. Qayıdıb gəldikdən sonra isə Firuzə Seyidovanı evinə çağıran Aypara Əsgərova meyiti gizlətmək üçün hərəkətə keçib, onu həyətində olan su quyusuna atıb. Zeynəb İsmayılovaya məxsus pulu və qızıl-zinət əşyalarını bölüşdürüblər.
Cinayətin izini itirmək üçünsə müxtəlif söhbətlər yayıblar. Guya Zeynəb İsmayılovanın digər qonşuları onun Aytənin evindən çıxdığını, kəndin yuxarı tərəfinə getdini görüblər.
Zeynəb İsmayılovanın itkin düşməsindən sonra hüquq-mühafizə orqanları onun tapılması üçün axtarışa başlayıblar. Bütün qonşuları sorğulayan istintaqçılar öyrəniblər ki, Zeynəb İsmayılova itkin düşən axşam Aypara Əsgərova mağazalara olan 3 min manata qədər borcunu qaytarıb. Bu məqam istintaqçıların cinayətin izinə düşməsinə imkan verib. Lakin Aypara Əsgərova Zeynəb İsmayılovanı görmədiyini, onun hara getməsindən məlumatsız olduğunu deyib, bunda israr edib.
İstintaqçılar əraziyə it gətirib, Zeynəb İsmayılovanın evindən götürülən paltarlardan iy götürən it istintaqçıları birbaşa Aypara Əsgərovanın həyətindəki su quyusunun üstünə aparıb. Orada itin dayanıb quyunun qapağına hürməsi Zeynəb İsmayılovanın orada olması versiyasını nəzərdə keçirməyi zəruri edib. 10 metrdən çox dərinliyi olan quyuya Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının köməyi ilə baxış keçirilib. Quyunun dibində qadın meyiti aşkar olunub.
Məhkəmə tibb ekspertizası zamanı qarının kəllə sümüyünün, xüsusilə gicgah nahiyəsinin çoxsaylı qəlpəli yaraları təsbit edilib. Bu xəsarətlər isə ölümcül hesab edilir.
Elə həmin gün Aypara Əsgərova saxlanılıb, o, qəddar cinayəti qonşusu Firuzə Seyidova ilə planlaşdırıb həyata keçirdiklərini etiraf edib. Bundan sonra Firuzə Seyidova da saxlanılaraq istintaqa cəlb olunub.
Məlum olub ki, Aypara Əsgərova ələ keçməsəydi, 1 gün sonra Türkiyəyə qaçmaq niyyətində olub.