Dərc edilib: 05-09-2025

https://www.nuh.az/42881-.html

Dilindən arı sancdı, 61 yaşlı kişi öldü

05.09.2025 00:25:05

LIVE

Xəbər verdiyimiz kimi, İsmayıllıda 61 yaşlı kişi arı sancmasından ölüb. Hadisə sentyabrın 2-də İsmayıllı rayonunun Mican kəndində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Murad Hümmətov, yaşadığı evin həyətində dilindən arı sancması nəticəsində vəfat edib. 


Elə Mican kəndindən təqdim etdiyimiz "Arılar arasında "şah" da var, tüstü onları bihuş edir – Micandan REPORTAJ” adlı reportajda da qeyd olunurdu ki, hazırda arıların aqressivləşdiyi dövrdür. Arıçılar müəyyən qoruyucu geyimlərdən istifadə edərək sancılma riskini azaldırlar. Lakin sancılmaya hazırlıqsız olan insanların sonu bəzən ölümlə də nəticələnə bilər.

Məsələ barədə professor, həkim Adil Qeybulla Musavat.com-a danışıb:  

“Arı və ya istənilən həşəratın sancması zamanı bədənə toksin, yəni zəhər daxil olur. İstənilən toksin bədənə daxil olduqda zərərlidir və həyat üçün təhlükə yaradır. Bu, ilan, əqrəb və digər həşəratlar üçün də keçərlidir. Arının müxtəlif növləri, el arasında it arısı deyilən böyük arılar, bal arıları və hətta bəzi hörümçəklər də təhlükə yarada bilər. Bəzi insan orqanizmləri anafilaktik şoka – yəni dərman, zəhər və qidalardan qaynaqlanan həyati təhlükəli allergik reaksiyaya – daha meyllidir. Zəhərin müəyyən dozası bədənə daxil olduqda anafilaktik şok yaranır və bu, dərhal ölümlə nəticələnə bilər.”

Professor bildirib ki, arı sancması venalardan, boyuna yaxın hissələrdən, ağız boşluğundan və dildən baş verərsə, toksin qan damarları vasitəsilə qısa müddətdə bədənə yayılır və ölümlə nəticələnə bilər

 

“İlk yardım ev şəraitində əl altında olan anti-allergik vasitələrlə təmin olunmalıdır. Xəstəxana şəraitində isə müəyyən antidotlar mövcuddur ki, nəzarət altında xəstəyə verilərək ölüm riskini aradan qaldırmaq mümkündür. Təəssüf ki, anafilaktik şoka qarşı heç bir tam çarə yoxdur. Buna görə də allergiyası olan şəxslər xüsusi diqqətli olmalı və həyatlarını riskə atmamalıdırlar.”

Arı sancması insan orqanizmi üçün xeyirlidir?

“El arasında deyim var ki, arı sancması sağlamlıq üçün xeyirdir. Lakin dünyanın heç bir yerində nativ zəhərin birbaşa insan bədəninə yeridilməsi təcrübəsi yoxdur. Müəyyən qədər neytrallaşdırılıb dərman və ya vaksin formasına çevrildikdən sonra istifadəsi mümkündür. Nativ zəhərin bədənə yeridilməsi isə risklidir və ciddi fəsadlar yarada bilər”- deyə, həkim qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib