Dərc edilib: 05-09-2025

https://www.nuh.az/42882-.html

BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI

05.09.2025 01:00:55

Maraqlı

Riyaziyyat, fizika, kimya, biologiya üzrə keçirilən Beynəlxalq olimpiadalarda iştirak edən bütün çinli şagirdlərin qızıl medal qazanmasının sirri nədədir? Nəhəng Çin riyaziyyatçısı Yau Şintunun bioqrafiyasını oxuduqdan sonra sualın cavabını tapdım.

Yau Şintun kimdir?

Yau Şintun 22 yaşında Berklidə dissertasiya müdafiə etdikdən sonra Stenford Universitetində, Prinston Perspektiv Tədqiqatlar İnstitutunda işləmişdir. 2008-ci ildən Harvard Universitetində Riyaziyyat fakültəsinə rəhbərlik edir. Riyaziyyat elminin differensial həndəsə və topologiya sahələrinə böyük töhfələr vermişdir. 

Yau Şintun Kalabi hipotezini (indi Kalabi–Yau hipotezi adlanır) isbat etdiyinə görə 1982-ci ildə riyaziyyat üzrə ən yüksək mükafat sayılan Filds medalına layiq görülmüşdür. Bu nəzəriyyə təmiz riyaziyyatla yanaşı, riyazi fizika üçün də çox böyük əhəmiyyət daşıyır və bununla çinli riyaziyyatçı tərəfindən strun nəzəriyyəsinin əsası qoyulmuşdur. Bununla yanaşı, Şintun riyazi-fizikada – ümumi nisbilik nəzəriyyəsində “müsbət enerji haqqında teoremi” isbat etmişdir.

 

 

Yau Şintun “Həyatımın konturu” kitabında yazır: “Mən 1949-cu ilin payız ayında Çində Kommunist inqilabının alovlandığı vaxtlarda dünyaya gəlmişəm. Bir neçə aydan sonra ailəmiz Honq Konqa köçüb. Biz Honq Konqa yüz minlərlə çinli kimi qaçqın düşəndə atam müəllim kimi uzun müddət işsiz qaldı. Ailəmiz 8 nəfərdən ibarət idi. Kasıb ailə olduğumuza görə qidalanmaq üçün bütün vasitələrdən istifadə edirdik. Məsələn, uşaq vaxtı məhsul yığımından sonra yerdə qalan kartofu sevinclə yığır, düyü sahələrində eşələnib dadlı sulu fındıq toplayırdıq. Bununla yanaşı, biz qurbağa da ovlayırdıq. Qurbağa ilə oynamaq çox maraqlı idi: irilərini dərhal bişirib yeyirdik. Bizi qorxudan yeganə heyvan zəli idi. Əlimizə və ayağımıza yapışanda qopmaq bilmirdi. Anam hər gün ərzaq almaq üçün şəhərə yollanırdı. Səhər tezdən insanlar məhsullarını satmaq üçün yolun kənarına yığırdılar. Ticarət qeyri-qanuni olduğundan polis onları qovurdu. Panika və xaos yaranırdı. Mən insanların yaşamaq üçün itirdikləri mallarına çox təəssüflənirdim. Biz sadəcə yaşamaq üçün mübarizə aparırdıq. Səbirsizliklə bayramları gözləyirdik. Yoxsul olmağımıza baxmayaraq anam Yeni il bayramına bir ay qalmış hazırlıq işləri görürdü.

... Oxuduğum məktəbdə ayaqyolu 5-6 dəqiqəlik məsafədə yerləşirdi. Yuxarı sinif şagirdləri orada gizlənir və opium çəkirdilər. Buna görə də çalışırdıq ki, ayaqyoluna nadir hallarda gedək. 4-cü sinifdə yaxşı oxumağa başladım. Anam buna çox sevindi. 5-ci sinifdə bizə ingilis dili dərsi keçməyə başladılar. Bir dəfə sinif yoldaşlarımla dərsdən evə gələndə bir qrup xuliqanla rastlaşdıq. Mən vəziyyəti analiz etdim və anladım ki, onlar çox güclüdürlər. Dostlarıma dedim ki, müdafiə mövqeyində durmalıyıq. Necə? Ovcuma bir neçə daş yığıb onlara tərəf atmağa başladım. Onlar qorxub qaçdılar. Həmin gündən qəhrəmanlığım dillər əzbəri oldu və məni sinifdə özlərinə lider seçdilər. Uşaq yaşlarımdan ruhumun gücü gələcəkdə mürəkkəb situasiyalardan baş çıxarmaqda mənə yardımçı oldu.

Honq Konqda ən yaxşı özəl orta məktəbin direktoru atamın dostu idi. Mən qəbul imtahanı verib bu məktəbə daxil oldum. Məktəbin məzunu Deniel Tsuy (məndən 10 yaş böyükdür) 1998-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Məktəbin 8 məzunu Amerika Milli Elmlər Akademiyasının üzvüdür. Bu məktəbin məzunlarından biri də Harvard Universitetinin professoru, nəhəng riyaziyyatçı Siu Yumtundur. Təhsilimin ikinci ilində mən riyaziyyatın dadını duydum. Bizim güclü müəllimlərimizdən biri Evklid həndəsəsini tədris edirdi. Başa düşdüm ki, 5 sadə aksiomu dərk etməklə nə qədər uzaqlara getmək, saysız-hesabsız teoremlər isbat etmək mümkündür və sərbəst şəkildə riyaziyyatla “oynamağa” başladım. 10-cu sinifdən repetitorluğa başladım. Əlbəttə, atamın vəfatından sonra dolanışığımız çətinləşmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib