Dərc edilib: 05-09-2025

https://www.nuh.az/42883-.html

Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)

05.09.2025 10:13:44

LIVE

İllər əvvəl aktyor kimi işə götürüldüyü mədəniyyət müəssisəndə indi fəhlə kimi çalışır. Özü də nə az, nə çox, 272 manat məvaciblə. Təkcə işlədiyi müəssisədə deyil, onun digər binalarına da fəhlə kimi göndərilir.

Bu iddiaları Bakı Dövlət Sirkində yardımçı fəhlə vəzifəsində çalışan Emin Süleymanov səsləndirib.
Emin Süleymanov iddia edir ki, müəssisə rəhbərliyi iki əvvəl onu vəzifəsindən azad edib. Elə Eminlə işlədiyi müəssisə arasındakı problemlər də bundan sonra başlayıb.
Emin Süleymanovun iddiasına görə o, müqavilədə göstəriləndən artıq işlədilir. İşləmək istəməyən əməkdaşları da müəssisə rəhbərliyi təhdid edir. 
Xəzər TV məsələ ilə bağlı Bakı Dövlət Sirkinə müraciət edib. Sirkin direktor əvəzi Nahid Ağayev bildirib ki, Emin Süleymanovla bağlanmış əmək müqaviləsinin müddəti bitib və peşə ixtisası aktyorluğa uyğun olmadığı üçün müqavilə yenilənməyib. Emin Süleymanov yenidən iş üçün müraciət edib və o, yardımçı fəhlə kimi işə götürülüb. Sirkin hazırkı inzibati binasında proqramların nümayişi müvəqqəti olaraq dayandırılıb. Təmir-yenidənqurma dövründə ölkə tamaşaçılarına sirk proqramlarının nümayişi üçün yeni ünvan müəyyən edilib. Orada hazırda yüngül konstruksiyalı sirkin quraşdırılması prosesi gedir. Əməkhaqqı məbləği hazırda sirkin fəaliyyətinin müvəqqəti dayandırılması səbəbindən əmək qanunvericiliyinə müvafiq üçdə iki nisbətində ödənilir. Fəaliyyət yeni ünvanda bərpa olunan kimi əməkhaqqı məbləği ştat cədvəli səviyyəsində olacaq. Bakı Dövlət Sirkinin inzibati binasında əməkdaşlar hazırda heç bir iş görmürlər. Bütün texniki heyət yeni ünvanda işlərə cəlb olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib