Ağ Evdən Rusiya üçün bəd xəbər: Sabahdan başlanır...
Yaxın günlərdə Vaşinqton administrasiyasının rəsmiləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını müzakirə edəcəklər.
Musavat.com xəbər verir ki, bunu Ağ Evdəki Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassett CBS telekanalının efirində deyib. Onun sözlərinə görə, yekun qərarı ABŞ prezidenti Donald Tramp verəcək: “Əminəm ki, bu gün və sabah sanksiyaların miqyası və sanksiyaların tətbiqi vaxtı ilə bağlı çoxlu müzakirələr aparılacaq”.
O qeyd edib ki, söhbət Amerika tərəfinin yeni anti-Rusiya məhdudiyyətləri tətbiq etmək imkanından gedir: “Nəhayət, yekun qərar ABŞ prezidentində qalır”.
Hassett qeyd edib ki, Ağ Evdəki Milli İqtisadi Şura Rusiya və onun ticarət tərəfdaşlarına münasibətdə də daxil olmaqla, “sanksiyalara əməl olunmasının təmin edilməsi” məsələləri ilə məşğul olur.
Qeyd edək ki, bir qədər əvvəl Qərb mediası Avropa liderlərinin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiyaya qarşı yeni sanksiyaların koordinasiyası üçün birgə məsləhətləşmələrin keçirilməsini təklif etdiklərini yazıb. Öz növbəsində, Associated Press agentliyi mənbələrə istinadən xəbər verir ki, Aİ rəsmiləri sentyabrın 8-də Vaşinqtonda anti-Rusiya məhdudiyyətləri ilə bağlı danışıqlar aparacaqlar.