Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
Deputat Vüqar Bayramov Milli Məclisin iclasında pensiya yaşına 2 il qalmış şəxslərin işdən çıxarılmasının qadağan olunmasını təklif edib. O, bu təcrübənin Qazaxıstanda və bəzi digər ölkələrdə tətbiq olunduğunu vurğulayıb. Komitə sədri Musa Quliyev də bu təklifi dəstəkləyərək, qanun layihəsinin hazırlanmasını təklif edib. Bu dəyişiklik, həmin şəxslərin sosial təminatını gücləndirə bilər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli bildirdi ki, işləyən vətəndaşların bir qisminin pensiya yaşına az qalmış işdən azad olunması məsələsi çox ciddi məsələdir:
"Münasib iş tapmağın çox çətin olduğu bir şəraitdə bu halla qarşılaşıb iş yerini itirən vətəndaşlar maliyyə itkiləri ilə yanaşı, həm də böyük sarsıntı yaşayır, ailələri ciddi sıxıntı keçirir, maddi durumları pisləşir, bütün planları pozulur və s. Ona görə də bu problemin optimal həlli çox vacibdir. Onu da deyim ki, bu, təzə məsələ deyil. Deputatlara olan müraciətlər arasında işləyən vətəndaşların bir qisminin pensiya yaşına az qalmış işdən azad olunması məsələsi həmişə xüsusi yer tutub və zaman-zaman bu məsələ Milli Məclisdə qaldırılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, vətəndaşın pensiya yaşına az qalmış işdən azad olunmasına qarşı Milli Məclisdəki ilk çıxışımdan 15 ildən çox vaxt keçir. Bu hala qarşı mənfi münasibətim davamlı xarakter daşıyı və ona görə də indiyə qədər də pensiya ilə bağlı çıxışlarımda bu məsələyə toxunuram. Bəli, bu təklif heç vaxt mənfi qarşılanmayıb, həmişə müsbət qarşılanıb. Bu yaxşıdır. Bunun yaxşı olmayan tərəfi isə budur ki, təklif müsbət qarşılanmasına baxmayaraq, indiyə qədər bu yöndə heç bir real addım atılmayıb. Arzu edərdik ki, budəfəki təklifin də taleyi əvvəlki təkliflərə olan münasibət kimi olmasın. Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılması məsələsi gec də olsa, ciddiyə alınsın, pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qanunvericilikdə öz əksini tapsın və gələn ildən optimal bir variantda tətbiq olunmağa başlansın", - deyə millət vəkili vurğuladı.