BİR ÇÖRƏK QORXUSU - Səməd Qaraçöp
BİR ÇÖRƏK QORXUSU
Dünyada “bir tikə çörək”di sözün;
Dünyaya gözünü açandan elə
Bir tikə çörəkdən qorxubdu gözün.
Bir çörək qorxusu çöküb canına,
Bir çörək qorxusu çıxmır canından;
Bu qəddar ölkədə öz çörəyini
İtirmək qorxusu çıxmır canından.
Baxırsan, qorxudan böyüyür gözün,
Böyüyür gözündə çörək qorxusu;
Elə hər addımda izləyir səni –
İzləyir acından ölmək qorxusu.
Dünyada hər günün “qul bazarı”dı,
Budu ömür yolun son günə kimi;
Bu qəddar ölkədə bir tikə çörək
Tuşlanıb üstünə bir güllə kimi.
12.09.2025